İştirakçılar aksiyaya Azərbaycan bayrağı və Yürüş Mehralıbəylinin şəkilləri ilə çıxıblar
Mayin 17-sində İsveçin Yöteborq şəhərində yaşayan mühacirlərimiz aksiya keçirib. Musavat.com-a verilən məlumata görə, aksiyanın keçirilməsində məqsəd Cənubi Azərbaycanda Yürüş Mehralıbəyli başda olmaqla, 34 gündür ki, aclıq aksiyası keçirən soydaşlarımıza dəstək vermək olub.İştirakçılar aksiyaya Azərbaycan bayrağı və Yürüş Mehralıbəylinin şəkilləri ilə çıxıblar. Fars rejimi əleyhinə şüarlar səsləndirilib. Aksiya “Azərbaycan çadırı” formatında gerçəkləşidirilib.
Aksiyanın təşkilatçısı Güney Azərbaycan Demokrat Partiyasının daxil olduğu və Güney Azərbaycanın müxtəlif ictimai və siyasi qurumlarının birliyindən yaranmış Güney Azərbaycan Alyansı olub.
Aksiya yerli vaxt ilə saat 8:00-da başlayıb və 2 saata yaxın davam edib.
Keçirilən aksiya barədə musavat.com-a İsveçdə yaşayan siyasi mühacirlərimizdən Kənan Hacıəkbəroğlu məlumat verib: “Dünyanın hansı yerində olsaq da, qəlbimiz daim Azərbaycanla döyünür. Güneydə baş verən prosesləri ürəkağrısı ilə izləyirik. Bizim üçün Şimalı və Cənubi Azərbaycan anlayışı yoxdur. Yalnız Bütöv Azərbaycan anlayışı var. Bu baxımdan, Yürüş Mehralıbəyli başda olmaqla, İrandakı soydaşlarımızın keçirdiyi aclıq aksiyasına dəstək olmaq məqsədilə piket təşkil etdik. Şəhərin mərkəzi meydanında qurduğumuz çadırda müvafiq təbliğat və təşviqat xarakterli siyasi plakat və şüarlar yerləşdirdik. Yerli əhaliyə, parlament üzvlərinə və müxtəlif partiyalara mənsub tanınmış funksionerlərə İran siyasi rejiminin Azərbaycan türklərinə qarşı yürütdüyü şovinist siyasəti barədə məlumat verdik. Bundan sonra da aksiyalarımız davam edəcək. Fars rejimindən tələb edirik ki, soydaşlarımıza qarşı olan düşmənçilik siyasətindən əl çəksin. Aclıq aksiyasını israrla davam etdirən Yürüş Mehralıbəyli başda olmaqla, iştirakçılardan aksiyanı dayandırmağı xahiş edirik”.
Sonda onu qeyd edək ki, Güney Azərbaycan Milli Oyanış Hərəkatının Mərkəzi Komitəsinin üzvü, hazırda Təbriz zindanında saxlanılan Yürüş Mehralıbəyli aprelin 15-dən etibarən aclıq aksiyası keçirir. O, 9 il müddətinə azadlıqdan məhrum edilib. Həbsinə və ailəsinə qarşı təzyiqlərə etiraz olaraq aclıq aksiyasına başlayıb. Hazırda onun səhhətində ciddi problemlər yaranıb. Bütün bunlara baxmayaraq,o, sona qədər aksiyanı davam etdirəcəyini bildirib. Ona dəstək olaraq, Tehran həbsxanasında saxlanılan 12 Güneyli soydaşımızda aksiyaya qoşulub


Şərhlər