Qafqaz Müsəlmanları İdarəsinin yeni sədri Şeyxlə hakimiyyətin ortaq namizədi ola bilər

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin səhhətinin pisləşməsi, eləcə də hakimiyyətin onu əvəz edəcək kadr axtarması ilə bağlı mətbuatda gedən materiallar ciddi müzakirələrə səbəb olub. Ötən gün Türkiyədə olan Şeyx özü də bu məlumatlara reaksiya verib.

A.Paşazadə ANS-ə bildirib ki, Türkiyəyə həyat yoldaşını gətirib, öz səhhəti isə normaldır: “Həyat yoldaşımın dizində problem vardı. Onu əməliyyat etdilər. Məhz ona görə, mən burda, onun yanındayam. İnşallah, bu yaxınlarda vətənə qayıdacağıq. Ümumiyyətlə, mən bu şeylər barədə nə danışmaq, nə də buna cavab vermək istəyirəm. Qədər Allahdandır!”

Qeyd edək ki, QMİ-də sədr dəyişikliyi, Allahşükür Paşazadənin vəzifəsindən gedəcəyi ilə bağlı məlumatlar daha əvvəl də olub. Hətta mediada Şeyxi əvəzləyəcək namizədlərin adları da gedib. Ancaq 2003-cü il iyulun 29-da Qafqaz Müsəlmanları İdarəsinin 11-ci qurultayında bu məsələ, necə deyərlər, kökündən həll olundu. QMİ ruhaniləri A.Paşazadəni ömürlük Şeyx seçməklə bu tip mövzulara da son qoydular.

Yeri gəlmişkən, 2009-cu ilin avqustunda keçirilən 12-ci qurultayda da bu məsələyə qayıdılmadı. Üstəlik Şeyxin ömürlük seçilməsi QMİ-də sədr dəyişikliyinin məhz Şeyxin səhhəti ilə əlaqələndirilməsinə səbəb olub.

Ancaq indi mətbuat bu mövzuya yenidən qayıdıb. Bununla bağlı iki əsas səbəb göstərilir. Birincisi, hakimiyyətin ölkədə dini situasiyanı nəzarətdə saxlamaq və dindarlarla dövlətin münasibətlərini daha da gücləndirmək istəməsidir. Yəni belə iddialar var ki, Şeyxin və bütövlükdə QMİ-nin bir idarə olaraq ölkədə dini situasiyaya ciddi təsir gücünün olmaması, müxaliflərinin güclü olması, nüfuzunun azlığı və ən mühümü, bu ilin əvvəlində radikal cərəyanlara qarşı başladılan savaşda xeyli dərəcədə zəif və müdafiəsiz görünməsi olub.

İkinci ciddi amil isə QMİ sədrinin səhhətində problemlərin olması və bunun Şeyxin fəaliyyətinə əngəl yaratmasıdır. Artıq mediaya QMİ sədrliyinə namizədlər arasında adları hallanan şəxslərlə bağlı məlumatlar da ötürülüb. Bu məlumatlarda Şeyxin özündən sonra QMİ-yə sədr kimi bir qədər əvvəl QMİ sədrinin müavini vəzifəsinə təyin etdiyi Hacı Fuad Nurullanı görmək istədiyi bildirilir.

Ancaq istənilən vəziyyətdə Şeyxin postundan çəkilməsi halında keçiriləcək seçkilər və yeni sədrin seçilməsi birbaşa QMİ sədrinin nəzarətində olacaq. Çünki nizamnaməyə əsasən QMİ sədrini qurultay seçir. Qurultay nümayəndələri isə QMİ-nin əməkdaşları, ruhanilər, o cümlədən bölgə din xadimlərindən ibarətdir. Bütün bu heyət isə aydın məsələdi ki, Şeyxülislamın özünün təyin etdiyi və ya xeyir-dua verdiyi şəxslərdən ibarətdir.

1980-ci ildən Şeyx postunda olan Allahşükür Paşazadənin QMİ-nin bütün açar nöqtələrində öz kadrlarını yerləşdirməsinə az adam şübhə edər.

Bu baxımdan QMİ-də sədr dəyişikliyi belə demək olarsa yalnız hakimiyyətlə QMİ sədri arasında olan anlaşma ilə mümkün olacaq. Hətta vəzifədən kənara çəkilsə də, Şeyxülislam öz yerinə özünə yaxın, komandasına bağlı adamı gətirməyə çalışacaq ki, belə desək, qurduğu sistem dağılmasın. Eyni zamanda hakimiyyətin də yeni Şeyxlə bağlı yəqin ki, öz tələbləri olacaq.

Beləliklə, QMİ-də sədr dəyişikliyi Allahşükür Paşazadə ilə hakimiyyət arasında anlaşma olduğu təqdirdə baş tutacaq. Bizə çatan bilgilərə görə isə hakimiyyət növbəti şeyxin nüfuzlu, dini dairələrdə qəbul olunan, sözü keçən və eyni zamanda hakimiyyətə bağlı bir şəxs olmasını istəyir.

Qeyd olunan məsələlərdə hakimiyyətlə QMİ-nin indiki sədrinin mövqeləri üst-üstə düşəcəyi təqdirdə növbəti sədr dəyişikliyi mümkün ola bilər.