Yeni il gecəsi İstanbulun Ortaköy rayonundakı “Reina” gecə klubuna hücum etmiş Abdulqadir Maşaripov özünə ölüm hökmü çıxarılmasını arzulayır.
AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, Maşaripov məhkəmədə İstanbulda terror aktı törətmək üçün əmri heç vaxt görüşmədiyi Abu Cihad ləqəbli birisindən aldığını deyib. Terrorçunun dediyinə görə, hücumda istifadə etdiyi avtomat, güllə dolu 6 daraq və 3 qumbara ona kuryer vasitəsi çatdırılıb.
Hədəfinin “Taksim” meydanına yığışan xristianların olduğunu bildirən Maşaripov orada çoxlu polisin olması səbəbindən “Reina” klubunu seçib. “Mən klubdakı insanları atəşə tutduqdan sonra qumbaralardan birini öz yanımda partlatdım. Lakin o, işıq-səs qumbarası olduğundan sağ qaldım. Kluba ölmək üçün gəlmişdim və əgər məni ölüm hökmünə məhkum etsələr yaxşı olar”, - deyə terrorçu bildirib.
Onun sözlərinə görə, hadisədən sonra silahı və geyiminin bir hissəsini klubda qoyaraq çölə çıxıb. Üzü yaralı olduğu üçün polis onu zərərçəkən hesab edib və terrorçu bir neçə taksi dəyişərək gizli ünvanına gəlib.
KİV-in məlumatına əsasən, hadisəni qisas kimi qələmə verən Maşaripov törətdiyi əməldən peşman olmadığını bildirib. Hazırda o, Silivri həbsxanasında məhkəmə prosesinin sonunu gözləyir.
Xatırladaq ki, Özbəkistan vətəndaşı Abdulqadir Maşaripov yanvarın 1-ə keçən gecə avtomatla silahlanaraq “Reina” gecə klubuna hücum edib. Aralarında 16 xarici vətəndaşın olduğu 39 nəfərin ölümü ilə nəticələnən terror aktının məsuliyyətini İŞİD qruplaşması üzərinə götürüb.


Şərhlər