“Üç gündür ki, Gəncə Dövlət Filarmoniyasına direktor təyin olunmuşdum. Amma məsləhət belə oldu ki, işə çıxmayım. İndi oturub gözləyirəm”. Bu sözləri Gununsesi.info-ya açıqlamasında barəsində rüşvət və korrupsiya ittihaml ilə cinayət təqibi aparılan Gəncə Musiqi Kollecinin sabiq direktoru ( Üş gün əvvəl Gəncə Dövlət Filarmoniyasına direktor təyinatı alıb-red.) Gülçin Mirzəyeva söyləyib.
Qeyd edək ki, barəsində xeyli zamandır ki, cinayət işi açılmasına baxmayaraq, üç gün əvvəl mədəniyyət və turizm naziri Əbülfəz Qarayev onu Gəncə Dövlət Filarmoniyasına rəhbər təyin edib. Məhz bu təyinatın açıqlanmasından bir neçə saat sonra Baş Prokurorluq Gülçin Mirzəyeva barəsində rüşvət və korrupsiya ittihamlarını əks etdirən sensasion açıqlama və video görüntülər yayıb.
Gununsesi.info-ya açıqlamasında Gülçin Mirzəyeva bildrib ki, barəsindəki cinayət işi ilə bağlı araşdırma başa çatmadığından danışmaq istəmir: “Bu barədə yəqin ki, açıqlama olacaq. Ona görə də mən bir şey söyləyə bilməyəcəm”.
Gülçin Mirzəyeva onu da bildirib ki, 17 fevral 2017-ci il tarixində yeni təyinat aldığı filarmoniyanın kollektivinə təqdimatı gözlənilsə də bu bəlli səbəbdən baş tutmayıb.

Qeyd edək ki, fevralın 17-də Respublika Baş Prokurorluğu 2016-cı ildən Gəncə Dövlət Filarmoniyasının direktoru vəzifəsinə təyin olunmasına baxmayaraq, Gəncə Musiqi Kollecinin fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirən sabiq direktor Gülçin Mirzəyevanın həmin kollecin direktor müavini Fatimə Qafarzadə ilə qabaqcadan əlbir olaraq özü və ya üçüncü şəxslər üçün qanunsuz olaraq maddi və s. nemətlər əldə etmək məqsədilə kollecin tələbələrindən, habelə onların qohumları və valideynlərindən imtahan sessiyasında müsbət qiymətlərin yazılması üçün ümumilikdə 2 min manat məbləğində pulu rüşvət kimi tələb edib almaları ilə bağlı məlumat yayıb. Baş Prokurorluq tərəfindən yayılan məlumat ölkə ictimaiyyəti arasında da böyük rezanasa səbəb olub.
Bununla bağlı Gununsesi.info-nun əməkdaşı Mədəniyyət və Turizm Nazirliyinin ictimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri İntiqam Hümbətov əlaqə saxlayıb.
İ. Hümbətov Respublika Prokurorluğunun Gülçin Mirzəyeva və Fatimə Qafarzadə ilə bağlı yaydığı məlumatdan xəbərsiz olduğunu iddia edərək, fevralın 20-də əlaqə saxlamamızı məsləhət görüb.
Mədəniyyət və Turizm Nazirliyinin informasiya, elektron media və resurslarla iş sektorunun müdiri Zöhrə Əliyeva isə bu məsələyə münasibət bildirməyəcəyini deyərək, nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədovla əlaqə saxlamamızı tövsiyə edib.
V. Şixəmmədov isə xəstə olduğunu və işə getmədiyini əsas gətirərək G. Mirzəyeva və F. Qafarzadə ilə bağlı Respublika Prokurorluğunun yaydığı məlumatla maraqlanıb, ətraflı məlumat verəcəyini bildirib.
Qeyd edək ki, Respublika Prokurorluğunun məlumatında, qeyd olunan şəxslərin əməllərində Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələrinin əlamətləri oluduğundan onlara həmin maddələrlə ittiham elan olunmaqla barələrində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib, habelə Gəncə şəhər Nizami rayon məhkəməsinin qərarı ilə Gülçin Mirzəyeva və Fatimə Qafarzadə vəzifədən kənarlaşdırılıblar.
Cinayət işi üzrə toplanmış ilkin materiallar əsasında tələbələrdən rüşvət müqabilində dərslərə davamiyyətləri barədə jurnallarda qeydlərin silinməsi, fərqlənmə tələbə vəsiqələrinin verilməsi, diplom işlərinin yazılması və işə qəbul üçün pul tələb edilməsi kimi digər qanunsuz hallar müəyyən edilib.
Hazırda cinayət işi üzrə qeyd olunan qanunazidd halların tam, hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Onu da qeyd edək ki, Baş Prokurorluğun məlumatından dərhal sonra “AzPolitika.info” məsələnin arxasında bəzi sirli məqamların olduğunu qeyd etmişdik. Qeyd etmişdik ki, Gülçin Mirzəyevanın Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru vəzifəsinə təyin olunması xəbəri 2 gün əvvəl açıqlanıb. Fevralın 16-sı yayılan xəbərdə bildirilirdi ki, Mədəniyyət və Turizm Nazirliyinin sərəncamına əsasən, Şahnaz Haşımova direktor vəzifəsindən azad edilib. Həmin vəzifəyə Gəncə Musiqi Kollecinin əvvəlki direktoru Gülçin Mirzəyeva təyin edilib. Gəncə Musiqi Kollecinin direktoru vəzifəsinə isə hələ ki, təyinat olmayıb.
Maraqlıdır ki, Gülçin Mirzəyeva da Gəncə Dövlət Filarmoniyasına direktor vəzifəsinə yeni təyinat aldığnı bildirib: “Üç gündür ki, Gəncə Dövlət Filarmoniyasına direktor təyin olunmuşdum. Amma məsləhət belə oldu ki, işə çıxmayım. İndi oturub gözləyirəm”.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatında isə Gülçin Mirzəyevanın 2016-cı ildən Gəncə Dövlət Filarmoniyasının direktoru vəzifəsinə təyin olunduğu bildirilir. Məlumatlardakı bu zidiyyət maraq doğurmaya bilməz.
Eyni zamanda, nazir Əbülfəz Qarayevin Gülçin Mirzəyevanı Gəncə Dövlət Filarmoniyasının direktoru vəzifəsinə təyin etməsi barədə sərancamının açıqlanmasından 2 gün sonra belə bir əməliyyatın keçirilməsi də diqqət çəkən faktdır. Bu fakt məsələnin arxasında başqa məqamların da olduğunu düşünməyə əsas verir.
Ancaq istənilən halda ortada cinayət var... Hansı ki, bu cinayətn videoçəkilişləri də yayılıb. Həmin görüntülərini APA TV-yə istinadla təqdim edirik:
R. Əliyev
AzPolitika.info

Şərhlər