Menu

Özünü FHN və ARDNŞ-in vəzifəli işçisi kimi təqdim edən baş redaktorun əməlləri...

18.02.2017, 20:44

mehkeme-hokmu-23Dələduzluqda və vəzifəli şəxslərin adından istifadə edərək vətəndaşları aldatmaqda təqsirləndirilərək həbs edilən “Qanun və Təhqiqat” qəzetinin baş redaktoru Cəlil Xəlilovun cəzası artırılıb. Zaqatala Rayon Məhkəməsinin hökmü ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilən baş redaktorun cəzasından narazı qalan prokuror apellyasiya protesti verib.Musavat.com xəbər verir ki, apellyasiya protestinə Şəki Apellyаsiyа Məhkəməsində hakim Elçin Hüseynovun sədrliyi ilə baxılıb.

Prokuror Qürbət Məmmədov Zaqatala Rayon Məhkəməsində Cəlil Xəlilov barəsində çıxarılan hökmdə bəzi yüngülləşdirici halların nəzərə alınmasının əsassız olduğunu əsas gətirib.

Prokuror apellyasiya protestini onunla əsaslandırıb ki, məhkəmə Cəlil Xəlilovun ilk dəfə məhkum olunmasını, könüllü olaraq özünü istintaqa təqdim etməsini, törətdiyi cinayətləri qismən etiraf etməsini, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın bir hissəsini ödəməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və həbsdə olduğu müddətdə anasının və yeganə qardaşının vəfat etmələrini cəzasını yüngülləşdirən hal kimi nəzərə alıb. Prokuror qeyd edib ki, bu hallar düzgün qiymətləndirilməyib.

Baş redaktor istintaqdan gizlənib

Prokuror izahatında bildirib ki, iş materiallarında Xəlilovun dələduzluq və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə hərəkətlərini əvvəlcədən planlaşdırmaqla, müxtəlif vaxtlarda təkrarən törətdiyini, istintaqdan qaçıb gizləndiyini və barəsində axtarış elan edildiyi sübut edən faktlar var: “Həmçinin Cəlil Xəlilov ibtidai istintaqın əvvəlində ittiham üzrə özünü təqsirli bilməyib və cinayəti etiraf etməyib. Cinayəti törətdikdən dərhal sonra könüllü gəlib təqsirini boynuna almayıb. İbtidai istintaq orqanı tərəfindən aparılmış istintaq nəticəsində ifşa olunub və axtarışa verilib. Odur ki, məhkəmə onun könüllü olaraq özünü istintaqa təqdim etməsini, törətdiyi cinayətləri qismən etiraf edərək hərəkətlərindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almaqda haqlı olmayıb”.

77 min və 2 min dollar...

Prokuror əlavə edib ki, Cəlil Xəlilov 5 nəfər zərərçəkmiş şəxsə cəmi 6100 manat məbləğində pul ödəyib. Buna görə vurduğu ziyanı qismən ödəməsinin onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınması da düzgün deyil: “Xəlilovun ödədiyi ziyanın məbləği onun və qeyrilərinin cinayət hərəkətləri nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş 77.700 manat və 2000 dollar məbləğində maddi ziyanın təxminən 8 %-ni təşkil edir. Bunu da simvolik bir rəqəm hesab etmək lazımdır”.

Cəlil Xəlilovun təqsirli bilindiyi maddələrin sanksiyası həddində daha ağır cəza təyin edilməsini istəyən prokuror hökmün dəyişdirilməməsini xahiş edib.

Məhkəmədə iştirak edən zərərçəkmişlər isə Cəlil Xəlilova daha ağır cəza təyin edilməsini istəyiblər. Həbsdəki baş redaktor isə cəzasının artırılmamasını istəyib.

Şəki Apellyаsiyа Məhkəməsinin Cinayət kollegiyаsı cinаyət işinin mаteriаllаrını öyrənib аpellyаsiyа protestinin dəlillərini müzаkirə edib.

Dövlət ittihamçısının mövqeyini əsaslı hesab edən məhkəmə

Baş redaktor barəsində Zaqatala Rayon Məhkəməsinin hökmünü dəyişib.

Məhkəmənin hökmü ilə Xəlilovun cəzası 6 il olaraq dəyişdirilib.

Qeyd edək ki, baş redaktorla bərabər Bayram Atayev və Xoşbəxt Babayev də həbs edilibl. Atayev 6,6 il, Babayev isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər.

Zəlzələdə uçan evləri təmir edəcəklərmiş

Baş redaktor və digər iki şəxs özlərini SOCAR və FHN-nin vəzifəli şəxsləri kimi təqdim edərək 27 nəfər Balakən və Zaqatala rayon sakinlərinə qarşı dələduzluq ediblər. 2012-ci ilin oktyabr ayında baş vermiş zəlzələ nəticəsində evləri yararsız hala düşmüş şəxslərə evlərini tikəcəklərini vəd edərək onlardan külli miqdarda pula alıblar.

Mollayev Mustafanın 4 min manat, Balakən sakinləri Cəmil Xanlayevin 5 min manat, Gözəl Mollayevin 1800 manat, Nadir Laçınovun 4 min manat, Gülbika Bayramovanın 2800 manat, Gülafət Musayevanın 2 min manat, Rəvan Mikanayevin 4 min manat, Mahirə Ağcayevanın 4 min manat, Qüdrət Emçiyevin 6 min manat, Rahilə Eminovanın 1500 manat, Rahilə Məmmədovanın 3 min dollar, Şirin Qarakişiyevin 1000 manat, Tanzilə Hacıyevanın 2 min dollar, Solmaz Sultanovanın 2 min manat, Rəfail Bodurovunn 5400 manat, Kəmalə Əhmədovanın 2800 manat, Elşən Qomurovun 3 min manat, Məmmədrəsul Xəlilovun 2400 manat, Həsrətləli Ömərovun 4000 manat, Nəsimi Xəsmədovun 2000 manat, Şahnaz Taşrayevanın 2000 manat, Rauf Əlibeqovun 2000 manat, Elfanə Aslanovanın 2000 manat, Zaqatala rayon sakinləri Muhiddin Muradovun 1500 manat, Təhmiraz Kərimovun isə 1500 manat pulunu ələ keçiriblər.

Xatırladaq ki, 2012-ci ildə baş verən zəlzələdən sonra bu tipli xəbərlərin sayı artmışdı. Özlərini zərərçəkmiş vətəndaşlara vəzifəli şəxslər kimi təqdim edən bir qrup işbazlar təmirə və ya yenidən tikintisinə ehtiyac olmayan evlərin siyahıya alınması və maddi yardımlar ayıracaqları vədlərini verərək onlara qarşı dələduzluq etmişdilər. Dələduzlar pul aldıqları vətəndaşlara vəd etmişdilər ki, zərərçəkmiş vətəndaşların siyahısı hazırlanarkən onların adının birinci yazılacağına şərait yaradacaqlar. Bu həbs edilən qrup qeyd etdiyimiz dələduzluq əməlini törədənlərdən sadəcə üçüdür...

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol