Azərbaycan İslam Partiyasının sədr əvəzi Elçin Manafov qurumun lideri Mövsüm Səmədovun seçki ilə bağlı bəyanatına münasibət bildirib.
Mövsüm Səmədov prezident seçkisini boykot etdiyi haqda bəyanat verib. Vəkili Anar Qasımlı bildirib ki, həbsdə olan islamçı lider seçki prosesinin ilkin mərhələdən qeyri-obyektiv keçirildiyini bəyan edərək belə qərara gəlib.
Elçin Manafov “Media forum”a açıqlamasında deyib ki, sədr bəyanatda hakimiyyətin keçirdiyi seçkiyə münasibət bildirir və onu boykot edir: “Digər tərəfdən də Milli Şuraya və Vətən blokuna uğurlar diləyir. Yəni o, hakimiyyətin namizədini dəstəkləmir. Amma sədrin dilindən eşitməsək, qəti mövqe açıqlaya bilmərik. Heç kəs bu qərarı dəqiq yoza bilməz, sadəcə, ehtimalla çıxış etmək mümkündür. Mövsüm Səmədovla şəxsən görüşmək imkanımız isə yoxdur”.
İslamçıların seçkidə iştirakına gəldikdə Elçin Manafov bildirib ki, bu boykot heç də seçiciləri düzgün seçimdən çəkindirmir: “Mövsüm Səmədov ağıllı insandır. Düzdür, məhbus həyatı onun informasiya almaq imkanlarını məhdudlaşdırıb, baş verən hadisələri tam obyektiv müşahidə edə bilmir. Amma o, xalqın uğuru üçün heç nəyin qarşısına sədd çəkməz. Əksinə, zindan həyatı ilə ömrünü bu yolda fəda etdiyini göstərir. Biz əvvəlcədən onunla razılaşaraq seçkiyə getmək qərarı vermişik. Özü də sözünün ziddinə gedə bilməz. Amma məsələni birlikdə müzakirə edib mövqeyimizi dəqiqləşdirəcəyik”.
Azərbaycan İslam Partiyası 2013-cü il iyulun 1-də Mövsüm Səmədovun prezidentliyə namizədliyinin irəli sürülməsi haqda qərar qəbul edib. Amma onun namizədliyini rəsmiləşdirmək mümkün olmayıb.
2013-cü il sentyabrın 6-da İslam Partiyasının Baş Məclisi 9 oktyabr prezident seçkisində Ədalət Partiyasının sədri deputat İlyas İsmayılovun namizədliyinin dəstəklənməsi haqda qərar qəbul edib.
Ötən həftə Mövsüm Səmədov həm Milli Şuranın, həm də “Vətən” blokunun (2013-cü ildə İlyas İsmayılovun sədrlik etdiyi Ədalət Partiyası ilə Mais Güləliyevin sədrlik etdiyi Yaşıllar Partiyasının birlikdə yaratdığı siyasi blok – red.) ölkədə konstruktiv dəyişikliklər uğrunda mübarizəsini dəstəklədiyini və hər iki bloka uğurlar arzuladığını bildirərək 9 oktyabr seçkisini boykot etdiyini açıqlayıb.


Şərhlər