Ankarada Güney Azərbaycan aksiyası keçirilib
Bu gün həmvətənlərimiz İran İslam Respublikasının Ankaradakı səfirliyinin önündə etiraz aksiyası keçiriblər. Bu haqda musavat.com-a Ankarada yaşayan soydaşımız, aksiyanın təşkilatçılarından biri və aksiyanın aparıcısı olan Zaur Bayramlı məlumat verib.
Onun sözlərinə görə, bu etiraz aksiyasının keçirilməsinin bir neçə səbəbi vardır: “22 may 2006-cı il tarixində İranın rəsmi dövlət qəzetində türk millətinin hamam böcəyinə bənzədilməsi ilə başlayan, onlarla soydaşımızın şəhid olması ilə nəticələnən tarixə “may qiyamı” adı ilə keçən qiyamın ildönümü, hal-hazırda İran həbsxanalarında xeyli müddətdir aclıq aksiyası keçirən Güney Azərbaycanlı milli fəallara dəstək, Urmiya gölünün İran rejimi tərəfindən qurudulmasına etiraz və Güney Azərbaycanlı soydaşlarımıza öz ana dili olan türk dilində təhsil haqqının verilməsi və.s. tələblər aksiyanın keçirilməsinin əsas məqsədləri idi. “
Zaur Bayramlının sözlərinə görə piketə Güney Azərbaycan təşkilatları olan GAMAC, AMDT (Azərbaycan Milli Dirəniş Təşkilatı) , GAMOH ilə yanaşı həm də müstəqil milli fəallar və həmçinin Türkiyənin “Turan Ocaqları” təşkilatı, “Dünya Gəncləri Dostluq və Dayanışma Dərnəyi” də qatılıb və dəstək verib.
Aksiyanın çüarları aşağıdakı kimi olub:
“Yaşasın Azərbaycan!”
“Türk dilində eğitim; Haqqımızdır, Haqqımız!!
“Türkün dili ölən deyil; başqa dilə dönən deyil”
“Azərbaycan var olsun; İstəməyən kor olsun”
“Haray, Haray; Mən Türkəm”
“Bakı, Təbriz, Ankara; Biz hara, Farslar hara”
“Azərbaycan bir olsun; Mərkəzi Təbriz olsun”
“Azərbaycan var olsun; Məhbuslar azad olsun”
“Ankara, Bakı, Təbriz; Birlikdə güçlüyük biz”
“Qahrolsun Panfarsizm
Qahrolsun Paniranizm”
“Urmu gölü can verir; İran onun qətlinə fərman verir”
Aksiyanın mətbuat üçün açıqlaması (press relizi) AMDT mənsubu Macit Araz tərəfindən oxunub.
Aksiyada həmçinin Turan Ocaqları başqanı Eniz Bozkurt, Dünya Gəncləri Dostluq ve Dayanışma Dərnəyi başqanı Sedat Adakan da çıxış edərək, Güney Azərbaycan milli mücadiləsinə dəstəklərini ifadə edib.
Sonda isə aksiya iştirakçıları səfirlik binasına qara çələng qoyublar. Zaur Bayramlının dediyinə görə, onlar qara çələngi səfirliyin divarına qoyduqları zaman səfirlik mənsubları ilə aralarında bir mübahisə yaranıb və mübahisə Türkiyə polisinin araya girməsi ilə sona çatıb.
Aksiyadan sonra piket iştirakçıları Məmməd Əmin Rəsulzadə tərəfindən qurulmuş Azərbaycan Kültür Dərnəyində konfrans keçiriblər.


Şərhlər