Rusiya Əmanət Bankı əməkdaşlıq memorandumu çərçivəsində "Azərbaycan metanol şirkəti"nə ("AzMeCo") 1,5 milyard dollar ayıracaq.
Əmanət Bankının press-relizinə əsasən, sənəd XVIII Peterburq Beynəlxalq İqtisadi Forumu (PBİF) çərçivəsində imzalanıb.
"AzMeCo" ilə Rusiya Əmanət Bankının əməkdaşlığı Qaradağda metanol zavoduna 450 milyon dollar ayırmağı və başqa layihələri nəzərdə tutur. Bu, Moskvada kommersiya meydançalarının, Rusiyanın cənub-qərbində metanol zavodunun, Krımda bir sıra iri və orta biznes əqdlərinin maliyyələşməsidir.
Sənəd 5 illiyə imzalanıb, amma uzadıla da bilər. Memorandum "AzMeCo"nun başqa banklarla əməkdaşlığına məhdudiyyət qoymur.
"AzMeCo" beynəlxalq şirkətinin mərkəzi ofisi Bakıdadır. Şirkətin Rusiya, Niderland, Özbəkistan, Əfqanıstan və Türkiyədə fəaliyyəti var. Azərbaycanda metanol zavodunun yeganə sahibidir. "AzMeCo"ya investisiyalar 500 milyon dollar olub. "AzMeCo"ya qazı ARDNŞ verəcək ("Turan").
Virtualaz.org saytı xatırladır ki, "AzMeCo" şirkətinin sahibi azərbaycanlı oliqarx Nəsib Piriyevdir.


Şərhlər