«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Litvanın Prezidenti Dalya Qribauskayte NATO-nun birləşmiş silahlı qüvvələrinin Avropadakı Ali baş komandanı ilə görüşündən sonra bəyan edib ki, bu təşkilat özünün hərbi qərargahlarını şərq sərhədlərinin yaxınlığına köçürməlidir. Xəbəri «delfi.lt» yayıb.
Qribauskaytenin sözlərinə görə, geosiyasi dinamikanın dəyişilməsi fonunda NATO olduqca yavaş hərəkət edir. Ona görə də alyans nəinki təkcə islahatlar aparmalı, həm də hərbi qərargahlarını özünün şərq sərhədlərinə göçürməlidir.
Prezident əlavə edib ki, hazırda NATO-nun komanda strukturları və hərbi qüvvələri hələ də «soyuq müharibə» dövrünün məntiqi əsasında paylanıb - Qərbi və Şərqi Avropada. Bu gün, Rusiya təhlükəsinin artmasına görə, alyansın qüvvələrini şərq cinahına dislokasiya etmək qaçılmazdır.
Litva lideri hesab edir ki, Baltik ölkələrinə havadan müdafiə, Latviya, Litva və Estoniyanın təcriddən müdafiəsi və müttəfiqlərin sürətli gəlişi imkanları tələb olunur. Onun sözlərinə görə, havadan müdafiə Baltik ölkələri üçün müdafiə sahəsində ən böyük problemlərdən biridir, müttəfiqlərin bölgəyə gəlişi isə Kalininqrad vilayətində yerləşən «girişin məhdudlaşdırılması və regional bloklama qüvvələri» vasitəsilə bloklana bilər.


Şərhlər