Menu

Qaçqınlar Cəmiyyəti türk iş adamının cəzalandırılmasını tələb edir - "Buna görə xəcalət çəkməlidir"

27.03.2017, 16:08
Qaçqınlar Cəmiyyəti türk iş adamının cəzalandırılmasını tələb edir - "Buna görə xəcalət çəkməlidir"

Azərbaycan Qaçqınlar Cəmiyyəti Bakıda keçirdiyi mətbuat konfransında Qərbi Azərbaycanda, yəni indiki Ermənistan ərazisində doğulan azərbaycanlılarla bağlı təhqir kimi qəbul olunan sözlər deyən türk iş adamı Ömür Oral barəsində hüquq-mühafizə orqanlarına rəsmi müraciət etmək niyyətindədir. Bu barədə Cəmiyyətin sədri Əziz Ələkbərli məlumat verib.

Xatırladaq ki, Ömür Oral vəkil Aslan İsmayılovla birlikdə keçirdiyi mətbuat konfransında məhkəmə çəkişməsində olduqları “Xəmsə” MMC-nin sahibi Mürvət Həsənlinin “Emre Piliç”in səhmdarları arasında 30 faiz payla ermənilərin təmsil olunması ittihamından danışarkən, iddia edib ki, Bozaçıyan və Oksayan soyadlı bu ermənilər, İstanbulda doğulduqları üçün, əslində erməni deyillər, türkdülər. Sitat: “Emre Piliç”in erməni deyə anılan ortaqları türkdür. Soyadları erməni soyadıdır, amma Türkiyə Cümhuriyyəti kimliyi daşımaqdadırlar. Doğum yerləri İstanbuldur və Ermənistana heç getməmişlər. Mən indi bu sualı vermək istəyirəm: Ermənistanda doğulanmı ermənidir, İstanbulda doğulanmı ermənidir?…”

Türk iş adamının dilə gətirdiyi bu sualla, ehtimal olunub ki, əslən Qərbi Azərbaycandan olan Mürvət Həsənlinin milli mənsubiyyətinə eyham vurulub. Yəni, türkiyəli iş adamının məntiqinə görə, Ermənistanda doğulan birisi, İstanbulda doğulan ermənidən daha çox ermənidir.

Azərbaycan Qaçqınlar Cəmiyyəti türk iş adamının bu fikirləri ilə bağlı hüquq-mühafizə orqanlarına rəsmi şikayət etmək niyyətindədir. Əziz Ələkbərli bununla bağlı bildirib:

“2008-ci ildən Azərbaycanda ticarət qurub, illər boyu buradan milyonlar qazanan bir adamın yüz minlərlə Qərbi Azərbaycan doğumlu Azərbaycan vətəndaşını bu cür təhqir etməsini, ortaqları Arto Sevan Oskayanı və Andranik Raffi Bozaçıyanı isə türk adlandırmasını Azərbaycan xalqını ələ salmaqdan başqa bir şey hesab etmirik. Cənab Ömür Oral heç olmasa ortaqlarının “yan” soyadından və “Sevan”, “Andranik” adlarından utanıb xəcalət çəkməli və yadına salmalı idi ki, Bozaçıyanıın adını daşıdığı Andranik 1914-1915-ci illərdə Sarıqamışda, Türkiyənin başqa bölgələrində yüz minlərlə türk vətəndaşını, uşağını, gəncini, qadınını, qocasını vəhşicəsinə qətlə yetirmişdir”.

Qeyd edək ki, Qaçqınlar Cəmiyyətinin martın 30-da azərbaycanlıların soyqırımı günü münasibətilə Beynəlxalq Mətbuat Mərkəzində keçirəcəyi “Azərbaycanlıların soyqırımı: dünən və bu gün” adlı geniş tədbirdə bu məsələnin gündəmə gətiriləcəyi gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol