Rusiya Xarici İşlər Nazirliyinin 1 aprel tarixində rəsmi "Facebook" səhifəsində yaydığı açıqlama ABŞ və dünya mediasının ciddi müzakirəsinə səbəb olub.
Strateq.az xəbər verir ki, 1 aprel – Aldatma günündə Rusiya XİN-nin rəsmi səhifəsində ABŞ mediası və siyasilərinə ünvanlı səsli yazı paylaşılıb.
Rus və ingilis dillərində olan həmin səsli mesajda belə deyilir:
"Siz Rusiya səfirliyinə bağlandınız, zəng etməyiniz bizim üçün çox önəmlidir. Siyasi rəqiblərinizə bir rus diplomatdan zəng gəlməsinin istəyirsinizsə, 1 düyməsinə basın.
Rus haker xidmətindən yararlanmaq üçün 2 düyməsinə basın.
Əgər seçkilərə müdaxilə edilməsini istəyirsinizsə, o zaman 3 düyməsinə basın və növbəti seçkiyədək gözləyin".
Xatırladaq ki, Rusiya XİN-nin rəsmi səhifəsində yayılan bu səsli mesaj sonradan 1 aprel zarafatı kimi izah olunsa da, ABŞ mediası bunu Amerikanın ələ salınması kimi dəyərləndirməyə başlayıb.
Onu da qeyd edək ki, ABŞ-ın yeni prezidenti Donald Trampın seçkidəki rəqibləri onun qələbəsində Rusiya iqtidarının və rus hakerlərinin mühüm rol oynadığını iddia edirlər. Hətta bununla bağlı xüsusi xidmət orqanları hesabat da yayıblar. Bundan sonra ABŞ-la Rusiya arasındakı diplomatik gərginlik bir az da artıb.


Şərhlər