AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Almaniya Federativ Respublikasının (AFR) Bonn şəhərində kiberordu hissəsinin qərargahı işə başlayıb.
İndi bu qurum quru qoşunları, hərbi hava və hərbi dəniz qüvvələri ilə bir sırada ayrıca struktur vahidi kimi xidmət keçəcək. Bu günə qədər ölkədə kibermüdafiəni Daxili İşlər Nazirliyi (DİN) həyata keçirib.
260 əməkdaşın xidmət keçəcəyi alman kiberordu qərargahı 13 min 500 nəfər hərbçini və mülki əməkdaşı öz tabeliyinə alacaq. Mərkəzin təntənəli açılış mərasimi aprelin 5-də baş tutacaq. Tədbirdə müdafiə naziri Ursula fon der Lyayen də iştirak edəcək.
Yeni növ ordu hissəsi Almaniya müdafiə nazirliyinin informasiya sistemlərinin təhlükəsizliyinə cavabdeh olacaq və onları rəqəmli texnologiyaların tətbiq olunduğu silahlarla dağıdılmaqdan müdafiə edəcək.
AFR MN-nin məlumatına görə, təkcə 2017-ci ilin ilk iki ayı ərzində bundesverin kompüterlərinə demək olar, 300 min kiberhücum həyata keçirilib.
«Dövlətə və onun aparıcı infrastrukturuna kiberhücumlar artıq çoxdan reallığa çevrilib. Bu, bizim həmkar ölkələrdə -rəqəmli texnologiyaların inkişaf səviyyəsi bizimlə müqayisə oluna biləcək ölkələrdə baş vermiş çoxsaylı insidentlərlə də öz təqdiqini tapır» - deyə, MN-nin yaydığı sənəddə bəyan edilir.
Buradan açıq-aydın görünür ki, inkişaf etmiş dövlətlərin müdafiə sistemləri keyfiyyətcə yeni və təkmil mərhələyə qədəm qoyub. Azərbaycan kimi müharibə vəziyyətində olan ölkələrə bu, bir siqnal olmalıdır.


Şərhlər