İnternetdə 1992-ci ilin noyabrında Milli Məclisin iclas zalında çəkilmiş videofraqment yerləşdirilib. Modern.az saytının xəbərinə görə, bu videoda Azərbaycanın eks-daxili işlər naziri İsgəndər Həmidovun parlament jurnalistləri ilə söhbəti əks olunub. Kadrda 90-cı illərin məşhur jurnalist imzalarını görmək mümkündür.
İsgəndər Həmidovla söhbətdə jurnalist Əziz Rzabəyli, Eldar Sabiroğlu, Hikmət Sabiroğlu, İsaq Əvəzoğlu, Cavanşir Cahangirov, Söhbət Məmmədov görünür. İsgəndər Həmidov “7 gün” qəzetinin müxbiri Əziz Rzabəylinin sualını cavablandırır. Həmçinin prezident Ayaz Mütəlibovun qovulması ilə nəticələnən 1992-ci ilin mayın 15-də baş verən hadisləri “dövlət çevrilişi” adlandırır.
“15 mayda çevriliş olub da. Yalan deyil ki. Demokratik yolla olub hər şey? Mənim tanklarım olmasaydı nə olardı?”-deyə nazir bildirir.
Eldar Sabiroğlunun “xalq arasında söyləyirlər ki, prezident Elçibəyi saxlayan İsgəndərlə Rəhim Qazıyevdir” sözlərinin cavabında İ. Həmidov “Prezidentin hörməti bizdən də çoxdur” deyir.
Özünün Alparslan Türkeşin davamçısı adlandırılmasına əsəbi reaksiya verən İsgəndər Həmidovun bu məsələyə reaksiyası isə elə "İsgəndərsayağı" olur:
"Alparslan Türkeş kimdir?! Mən özümü ondan daha üstün kişi sayıram!"

Şərhlər