“İqtidar ən çox biznes nümayəndələri ilə siyasi müxalifətin yaxınlaşmasından ehtiyat edir”

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin AzPolitika.info-ya müsahibəsi

- Əli bəy, “EL” Hərəkatının təmsilçisi Eldəniz Quliyev başda olmaqla, bir çoxları sizi iqtidara satılmaqda və yalançı müxalif partiyaya rəhbərlik etməkdə gunahlandırır. Bu ittihamlar hardan qaynaqlanır?

- Əvvəla, siyahıda konkret kimlərin adı var, dəqiqləşdirmək lazımdır. Məsələnin digər tərəfi ondan ibarətdir ki, kimin hara işləməsini rəqiblər sözlə deyil, faktla təsdiq etməlidirlər. Bu, zaman-zaman haqqımızda deyilən böhtandır. Daima da cavabı verilib. Qanma reseptorları zəif olanlar üçün bir daha təkrar edirəm ki, hakimiyyətə işləməkdə o partiyaları ittiham edirlər ki, o qurum iqtidarın siyasi tərzdə işinə yarasın. Bizim partiya 2005-ci il parlament seçkilərinin nəticələrinə münasibət dalğasında yaranıb. O vaxt partiyanın sədri kimi seçkinin nəticələrini tanımadığıma görə, partiya 2-yə bölündü. 2005-2010-cu illərdə də müxalifətin əsas güc mərkəzi olan “Azadlıq” blokunun həmtəsisçisi kimi fəaliyyət göstərdik. Bu günə qədər, 9 il ərzində saxtalaşdırılan bütün seçkilərin nəticələrinə rəsmi etiraz edən azsaylı partiyalardanıq. 2013-cü il seçkilərində namizədimizin qeydə alınmaması bu iddianı səsləndirən opponentlərimizə ən tutarlı cavab deyilmi? Bizə qarşı irəli sürülən bu səfeh iddianın ciddi siyasi kökü vardır. Partiya ərsəyə gələn ilk gündən siyasi mübarizənin bütün qütbləri sərbəst mülahizə imkanlarımızı monopoliyaya almağa cəhd edirlər. Biz bu imkanımızı güzəştə getməyəcəyimizi bildirəndə belə sərsəm qarayaxma başladı. Azərbaycanda təkcə iqtidar monopolist və avtoritar deyil, müxalifətin də daxilində xeyli sayda belə təfəkkürlü aparıcı şəxs var. Onlar da kolxoz briqadiri kimi hamıya yuxarıdan baxmağa adətkardılar və hesab edirlər ki, “kolxoz əmlakı” - siyasi imkanlar yalnız onların olmalıdır. Bu gerizəkalılıqdır. Yekunda onu deyə bilərəm ki, siyasi məsələlər birtərəfli iddialarla deyil, debat vasitəsilə həll olunmalıdır. Ranqımıza uyğun istənilən şəxslə debata hazıram. Dünənə qədər hakimiyyətin ağuşunda olanlara cavab verməyə imkanımız kifayət qədərdir. İnanıram ki, belə diskussiyaya razılaşsalar, onların mübarizəsinin bizimkindən fərqli olaraq, elə yenə də iqtidarın ilıq ağuşu uğrunda olduğunu sübut edə biləcəyik.

- Qarşıdan parlament seçkiləri gəlir, bu mübarizəyə hazırlaşırsınızmı?

-Bəli. Parlament seçkiləri bizim mübarizə üçün ən məqbul saydığımız seçkilərdir. Partiyanın qanunverici hakimiyyətdə təmsilçiliyi əsas məqsədlərimizdəndir.

- Bu günlərdə əfv fərmanı imzalandı. Lakin siyasi məhbus hesab olunan şəxslərin heç biri azadlığa buraxılmadı. Partiyanızın siyasi məhbus problemi ilə bağlı mövqeyi nədən ibarətdir?

-Azərbaycan iqtidarının son aylarda davranışına diqqət yetirsəniz, onların yanaşma tərzini sezərsiniz. YAP cəmiyyətdə və beynəlxalq aləmdə vəziyyəti düzgün dəyərləndirir. Anlayırlar ki, real situasiya hər 2 müstəvidə onların ziyanınadır. Son ayların davranışı 2015-ci il parlament seçkilərinə yönəlibdir. Hakimiyyət sərt məhkəmə qərarları ilə cəmiyyətdə xof hissini gücləndirməyə cəhd edir. Həm İsmayıllı işinin, həm NİDA hərəkatının, həm də Anar Məmmədov və silahdaşları haqda verilən məhkəmə hökmlərinin sərtliyi buna sübutdur. QHT sektoru nümayəndələrinə qarşı da aparılan işlər bu qəbildən hadisələr silsiləsindəndir. Leyla Yunus, Mehriban Zeynalova, Anar Məmmədli, indi isə Qubad İbadoğlu haqda iddialar vətəndaş cəmiyyətini zəiflətmək məqsədi güdür. Bütövlükdə isə Qərbdən Şərqə meyllənmək görüntüsü də demokratiya məsələlərinin gündəmə gətirilməməsi üçün edilir. Səfir Morninqstara qarşı təşkil olunan kampaniyada da bu məqsəd güdülür. Hakimiyyət ən yüksək səviyyədə ABŞ-ı, onun timsalında isə bütövlükdə Qərbi hədələməklə, böyük dəyişikliyi ertələmək istəyir. Əks halda dünən məğlub etdirilmiş Rusiyaya meyllənməyi izah etmək çətindir. Eyforiyaya qapılmış iqtidar sözçüləri beynəlxalq təşkilatlarda da özlərinə "boy" verməyə cəhd edirlər. Azərbaycanı dünyanın mərkəzi kimi təqdimata cəhd edən hörmətli YAP-çılar ən azı Ukrayna hadisələrindən nəticə çıxarmaq əvəzinə, bütün dünyaya meydan oxumaq təşəbbüsünü nümayiş etdirirlər. İnanmıram ki, 2015-ci il seçkilərinə aydınlıq gəlməyənə qədər siyasi məhbus məsələsində yumşaqlıq olsun.

- Bütün çətinliklərə baxmayaraq ölkədə yeni siyasi təşkilatlar yaranır, iddialılar ortaya çıxır. Növbəti mərhələni necə təsəvvür edirsiniz?

- Mən növbəti dönəmin siyasi dizaynını bir qədər fərqli görürəm. Yenə də Ukrayna hadisələri nümunəsində məsələyə münasibət bildirmək istərdim. Ukrayna dövlətçiliyinin xilaskarı rolunda son hadisələrdə təkcə siyasi müxalifət deyil, eyni zamanda biznes elita çıxış etdi. Fövqəladə vəziyyətdə vilayətlərin idarə olunmasına, milli qvardiyanın təşkilinə cəlb olunan Rinat Əhmədov, Pyotr Poroşenko, Kolomoyskiy kimi oliqarxlar faktiki olaraq, dövlətin müstəmləkəyə çevrilməməsi üçün həlledici vəsilə ola bildilər. Təsadüfi deyil ki, Radanın UDAR fraksiyasının siyasətçi rəhbəri Kliçkonu deyil, məhz iş dünyasının nümayəndəsi Poroşenkonun namizədliyini irəli sürdülər. Uğur ortadadır. Bizdəki vəziyyət necədir? Hakimiyyət ustalıqla son 20 il ərzində iş dünyasını özəlləşdirib. Bu işi görən zaman bütün vasitələrdən, o cümlədən siyasi, hüquqi, iqtisadi, maliyyə və fisqal üsullardan istifadə edib. İqtidar ən çox biznes nümayəndələri ilə siyasi müxalifətin yaxınlaşmasından ehtiyat edir. Ona görə də, azadlığa buraxılan Fərhad Əliyevə Azərbaycandan çıxmaq şərti irəli sürülmüşdü. Əminəm ki, Əli İnsanov da, bu şərtlə razılaşarsa, onu da azadlığa buraxarlar. Bu 2 şəxsin təkcə siyasi potensialı deyil, eyni zamanda iqtisadi imkanları da hakimiyyəti qorxudur. İqtidarın ən çox ehtiyatlandığı amil maliyyə axınlarına nəzarəti itirməkdir. Ona görə də siyasi proseslərdə iqtidar texnoloqları intellektual diskussiyalara yox, söyüş üslubuna və ya qara piara üstünlük verirlər. Son prezident seçkilərində bizim Ağ Evdə formalaşdırılan namizədlər heyəti sanki bu göstərişi almış kimi davranırdılar. İntellektual mübarizədən ehtiyatlanan iqtidarın siyasi dizaynerləri, belə mübarizə şəraitində öz kapitalına siyasi dəstək axtaran imkan sahiblərinin nəzarətdən çıxmasından ehtiyatlanırlar.

Sualın qayəsinə gəldikdə isə, onu deyə bilərəm ki, siyasi partiyaların yaranmasının statistikası deyil, müxalifətlə iş dünyasının vəhdəti beynəlxalq dəstək fonunda dəngəni dəyişə bilər. Əks halda müxalifət 1 partiyaya çevrilsə və yaxud mövcud təşkilatlar hamısı ayrılıqda ikiləşsələr belə heç bir dəyişiklik olmayacaq. Ona görə hesab edirəm ki, müxalifət yeni həbslərə yol açan təhqirdən imtina edib, hakimiyyətin oğurluğuna, qanunsuzluğuna, savadsızlığına daha tutarlı arqumentlərlə cavab verməlidir.

Ülkər Musazadə

“Azpolitika”