Tanınmış jurnalist Akif Nəsirli qardaşı, sələfi təriqətinin üzvü Firuz Nəsirovun Suriyaya döyüşə getməsindən narahatdır.

Bu barədə Teleqraf.com-a jurnalistin özü məlumat verib.

A.Nəsirli bildirib ki, qardaşı son üç ildir ki, dinlə aktiv məşğuldur: "O, Qaraçuxur məscidində namaz qılırdı. İlk vaxtlar çox radikal idi. Hacı Qamətin çıxışlarından sonra yumuşaldı. Biz də ona deyirdik ki, radikallıqdan əl çəksin. Suriyadakı döyüşlərin oyun olduğunu anladırdıq. Bizimlə razılaşırdı. Mayın 29-da mənə zəng edib dedi ki, Türkiyəyə müalicəyə gedəcəm. Böyrəyində problemi vardı. Dedim ki, bu xəstəliyi Bakıda da müalicə etmək mümkündür. Mayın 30-da digər qardaşımla görüşüb pul alıb. Bir gün sonra ona zəng çatmayıb. Telefonu bağlıdır".

A.Nəsirli qeyd etdi ki, məsələ ilə bağlı polisə müraciət ediblər: "Polis bu gün bizə xəbər verdi ki, ölkədən çıxmayıb. Adı bütün sərhəd keçid məntəqələrinə verilib. Qaraçuxur məscidində də olmuşam. Qardaşımın şəkilini göstərdim tanıdılar, amma harada olduğunu demədilər. Bilirəm ki, Suriyaya gedən azərbaycanlı döyüşçülər Türkiyədən keçib gedirlər. Narahatlığım da bununla bağlıdır".

Xatırladaq ki, “Paralel” qəzetinin əməkdaşı olan Akif Nəsirli dünən yaydığı məlumatda mayın 28-dən etibarən qardaşından heç bir xəbər olmadığını deyib. O, qardaşının itkin düşməsi ilə bağlı rəsmi qurumlara müraciət edib.

- See more at: http://teleqraf.com/news/7270#sthash.MNyBIoFj.dpuf