"Bu rəqəm Azərbaycanın 2017-ci ilədək Türkiyəyə yatıracağı investisiyaların həcmini əks etdirirdi"
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidməti Azərbayanın Rusiyaya yaxın 5-7 ildə 18 milyard dollar investisiya yatıracağına dair yayılmış xəbərlərə təkzib verib.
Nazirlikdən virtualaz.org saytına bildirildiyinə görə, iqtisadi inkişaf naziri Şahin Mustafayevin Bakıda səfərdə olan rusiyalı həmkarı Aleksey Ulyukayevlə görüşü zamanı 18 milyard dollar söhbəti olub.
Ancaq bu rəqəm Azərbaycanın 2017-ci ilədək Türkiyəyə yatıracağı investisiyaların həcmini əks etdirirdi və Rusiyaya aidiyyatı yox idi.
“Rusiyanın “RİA Novosti” agentliyinin görüşü izləyən rus əməkdaşı isə bunu Rusiyaya yatırılacaq investisiyalar kimi başa düşüb və xəbəri o cür yayıb. Əslində nazir dedi ki, Azərbaycan indiyədək Rusiyaya 1,8 milyard dollar investisiya yatırıb və gələcəkdə bu investisiyaların həcmi daha da arta bilər” - deyə nazirliyin mətbuat xidmətinin düzəlişində bildirilir.
Xatırladaq ki, virtualaz.org həmin xəbəri “RİA Novosti” agentliyinin Azərbaycan bölməsi olan “Novosti Azərbaycan”ın lentindən götürmüşdü.
Bu fakt Azərbaycana gələn yüksək vəzifəli xarici qonaqların mətbuat konfranslarında və görüşlərində yerli jurnalistlərin iştirakına məhdudiyyət qoyulması praktikasının nə dərəcədə zərərli olduğunu bir daha göstərir. Belə çıxır ki, hansısa xarici jurnalistin bu cür tədbirlərdə yol verdiyi yanlışlığın, yaxud qərəzli informasiya yaymasının ziyanını həmin tədbirlərə dəvət edilməyən yerli media çəkməlidir?! İqtisadi İnkişaf Nazirliyi rusiyalı nazirlə görüşə Azərbaycanın xarici iqtisadi əlaqələri və investisiya planları barədə məlumatlı olan yerli jurnalistləri dəvət etməyib mətbuatı bu görüş barədə Rusiya agentliyinin informasiyalarına möhtac qoyubsa, bunun günahı kimdədir?


Şərhlər