Azərbaycanda özəl çoxmənzilli yaşayış sahələrinin və yaşayış evlərinin mehmanxana və ya mehmanxana tipli obyekt kimi istifadə edilməsi asanlaşır.
Trend-in məlumatına görə, bu barədə məsələ Mənzil Məcəlləsin bu gün keçirilən plenar iclasında Mənzil Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Qanun layihəsi haqda məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, dəyişikliyə əsasən, mehmanxana, mehmanxana tipli obyektlər və müvəqqəti yaşayış üçün nəzərdə tutulan digər tikinti obyektləri "yerləşmə vasitələri" adlandırılır və statusuna görə yaşayış sahəsi hesab edilirlər. Nəticədə özəl mənzil fonduna aid çoxmənzilli yaşayış sahələrinin və yaşayış evlərinin mülkiyyətçi tərəfindən "yerləşmə vasitəsi" kimi istifadəsi üçün heç bir prosedur qaydası (yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi) tələb olunmayacaq.
Ə.Hüseynli bildirib ki, bu dəyişiklik turizmin inkişafı ilə bağlı kiçik, amma əhəmiyyətli dəyişiklikdir.
Deputat Asim Mollazadə bu dəyişikliyə etiraz edib. O qeyd edib ki, yaşayış sahəsində mehmanxanaların yerləşdirilməsi əhalinin istirahət hüququnu poza bilər: "İnsanların öz yaşayış sahəsində sabit, sakit yaşamaq hüquq var, biz isə bu hüququ pozuruq. Ona görə bu düzəliş vətəndaşların şəxsi həyat mühitinə müdaxilə şəraityi yaradır”.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli həmkarının fikirlərini dəstəkləməyib. O qeyd edib ki, uzun müddətdir ki, "Turizm haqqında” qanun layihəsi üzərindfə iş gedir, dünya təcrübəsi öyrənilir: "Çox təəssüf ki, geniş dünya görüşünə malik olan Asim Mollazadənin fikirləri bu günün tələblərinə ziddi fikirlərdir. Biz bilirik ki, Avropada da ayrıca mənzillər turizm obyekti kimi istifadə edilir. Bu layihə Azərbaycanda trurizmin inkişafına böyük töhfə verəcək”.
Spiker Oqtay Əsədov isə bildirib ki, Türkiyənin 35-40 min əhalisi olan şhərlərinə hər ay 100 min turist gəlir: "Ev turizmi olmasa o qədər turisləri yerləşdirmək mümkün olmaz”.
Deputat Əflatun Amaşov isə deyb ki, Gürcüstanda da əhalinin hüququ var ki, öz mənzillərinin qapılarını turistlərin üzünə açsınlar: "Ona görə də hesab edirəm ki, Azərbaycanda da belə imkanın yaradılması turizmin inkişafına töhfə verə bilər”.
Müzakirələrdən sonra dəyişikliklər səsə qoyularaq qəbul edilib.


Şərhlər