Menu

İsmayıllıda buzovların tələf olma səbəbi bəlli oldu

25.04.2017, 21:58
İsmayıllıda buzovların tələf olma səbəbi bəlli oldu

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (İsmayıllı rayonunun Qubaxəlilli kəndində 15-ə yaxın iribuynuzlu heyvan naməlum səbəbdən tələf olması barədə yayılan məlumatları araşdırıb.

Qurumun mətbuat katibi Yolçu Xanvəli virtualaz.org saytına bildirib ki, araşdırmalar zamanı kənd sakinləri Əlimöhsüm Mirzəyev və Namiq Həsənova məxsus şəxsi təsərrüfatlarda 2 baş südəmər buzovun tələf olması müəyyənləşib. Araşdırmalar zamanı kəndin digər təsərrüfatlarında iribuynuzlu heyvanların ölməsi qeydə alınmayıb.

Ölmüş buzovlarda aparılan patoloji-anotomik yarma zamanı onların bağırsaqlarında çoxlu sayda askarid qurdunun olması müəyyənləşib. Tələf olmuş buzovlar baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilərək ərazi dezinfeksiya edilib.

Qeyd olunub ki, yanvar ayından bu günə kimi İsmayıllı rayonunun Qubaxəlilli kəndində, ümumilikdə 4 baş iribuynuzlu heyvan (sudəmər buzov) ölüb: “Bu heyvanlar isə ayrı-ayrı təsərrüfatlarda olmaqla terapevtik xəstəliklərdən tələf olub. İsmayıllı rayonunun Qubaxəlilli kəndində, eləcə də rayonun digər kəndlərində iribuynuzlu heyvanların kütləvi tələf olması faktına təsadüf edilməyib”,-Y.Xanvəli deyib.

Dövlət Baytarlıq Nəzarəti Xidməti aparılan araşdırmaların nəticəsinə əsasən bildirir ki, respublikada heyvanlar arasında iti yoluxucu xəstəliklərdən kütləvi tələf olma halları mövcud deyil, epizootoloji sabitliyə nəzarət olunur və epizootik vəziyyət sabitdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol