ŞƏHƏRİN YANINDA BİR ŞƏHƏR DƏ VAR... 

Xalid QÜDRƏTOĞLU

... Bura balaca bir şəhəri xatırladır. Tək bircə mərkəzi küçəsi var.

Bu küçədən sağa və sola dalanlar burulur. Ancaq onların nişanı, nömrə-filanı yoxdur. Hər birini yaxınlığında uyuyan insanların adı ilə tanıyırlar.

“Damının” üstündə bir daş var uca

Çıxmağa qapı yox, nə də ki, baca

Həm cavan uyuyur, həm də ki, qoca

Evləri yanbayan, küçələri dar,

Şəhərin yanında bir şəhər də var...

Bu misraları qonşum, yaşı 90-ı haqlasa da məhəllədəki cayıllarla oturub-duran Səlim babanın dilindən eşitmişəm.

Buranın bulağı da var, işığı, hələ desən ziyarətçilərin oturub dincini alması, düşüncələrini vərəqləməsi, pərən düşmüş xatirələrini səliqə-sahmana salması üçün mərmərdən, taxtadan oturacaqları da...

Buranın yaxşıca havası var. Təmiz, şümşad, lap şüşə kimi. Mövsüm vaxtı lopa-lopa açmış qızılgüllərin, salxım yasəmənlərin xoş rayihəsi adamı bihuş edir. Təzəcə biçilmiş göy otun ətri, payızda toplanıb od vurulan xəzəlin tüstüsü hər dəfə beynimin qoxu yaddaşını silkələyərək kəndimizin kövşənlərini, ocaq çatılıb sərnic asılan səhərlərini xatırladır.

Bir də buranın əcəb sakitliyi var. Şəhərin adamın sinirlərinəcən sirayət edən səs-küyündən, dabanbasan dəli ritmindən oğurlanıb özünü beləcə lal sakitliyin hökmünə təslim edə bilərsən. Əbədiyyət mənzilində azacıq asudəlik axtarmağın və onu tapmağın çox rəmzini, məna çalarını tapmaq mümkündür.

... Və hasil olan yeganə qənaət budur ki, bu məkanda insan qorxmur, darılmır, vahimələnmir. Əksinə, bir azca yüngülləşirsən, fikirlərini “dördnala” səyirdib sakitləşirsən, əzəli və əbədi dəyərlər haqqında düşünüb müdrikləşirsən.

İndi güclə xatırlayıram, amma səhv etmirəmsə, böyük yazıçımız Anarın hekayələrindən biri təxminən elə bu cür adlanırdı - “Qəmli yerdən şux bayatılar”.

lll

“Baş küçə” ilə özümü üzüaşağı buraxıram. Bax, bu sağ əldəki qranit abidə hamımızın sənətinə və kişiliyinə dərin hörmət bəslədiyimiz bir aktyorumuzun oğlunundur. Həyatdan cavan gedib. Özü də xidməti vəzifəsini həyata keçirərkən. Polis zabiti idi. Polisdə belə oğulların da olması fikri qəlbimizdə ani işıq qığılcımı yaradır. O vaxt atası bu dərdə çox çətinliklə sinə gərdi. Səhnədə və kinoda təkrarolunmaz obraz və xarakterlər yaratmış sənətkarımız elə o düşən düşdü və indi bir əlçim torpaqda öz ciyərparasına qovuşub, haqq dünyasında ruhu toxdayıb.

Burada hamı bərabərdir. Fizioloji cəhətdən bəli, hamı eyni “statusa” malikdir. Amma real şəhərdə sosial qeyri-bərabərliyi yaradanlar burada da özlərini göstərməmiş keçinə bilmirlər.

Bax, düz qənşərdəki bu neçə adamlıq yer boşdur. Amma yiyəsiz deyil. Yiyəsi bu tezlikdə dünyasını dəyişənə oxşamır da. Başqasının pulunu saymaq çıxmasın, çox imkanlı birisidir. O qədər ki, əgər bu fani dünyada ömrü pulla satın almaq mümkün olsa idi, dünyanı tutub durardı.

Hə, bu soldakı dəbdəbəli (?!) mavzoley (bura başqa ad vermək mümkün də deyil -!) istər-istəməz gəlib-gedənləri ayaq saxlamağa sövq edir. Qışda “soyuq dəyməsin” deyə üzərinə meşin torba geydirilən və hər birinin qiyməti altırəqəmli məbləğlə ölçülən abidələrin bir neçəsinin sinədaşı boşdur. Bəli, bəli, lap mərhum şairimiz Nüsrət Kəsəmənlinin dediyi kimi...

Sükutu ağırdır bu daş səbirin,

Üstü hıçqırıqlı gün qabaqdadır.

Hasara alınmış bu boş qəbirin

Ölüsü bəlkə də kef-damaqdadır.

Deyilənə görə, bu “villa”-məzarların sahibi Rusiyada varlanmış, xasiyyətcə də çox yaxşı bir adamdır. Mübahisə etmirəm, axı, nəticə etibarilə pul hər adamı da cızığından çıxarmağa qadir deyil. Görünür, onun dərdi bir özgədir. Var-dövlət arxasınca “cəlayi-vətən” olması ona çox ağır bir bədələ - övladlarının tərbiyəsi hesabına başa gəlib. Anam həmişə deyərdi ki, Allah mənə sənin çiynində getməyi qismət eləsin. Bu, bəlkə də hər bir ananın arzusudur. Görünür, bu dünyada sərvət, mənsəb ardınca düşərək hər şeyin pulla alınıb, satılıb, düzələcəyini xəyal edənlər bir gün məlul-mükəddər axirət evinin qapıları önündə duracaqlarını, kimin çiynində gedəcəklərini, tabutun arxasınca gələn izdihamın haqlarında nələri danışacağını, məzarlarına kimin gül qoyub sinə daşını kimin oxşayacağının fərqinə varmayıblar.

Bəli, fərsiz uşaq valideyn üçün yaman dərddir. Tərbiyəsi, ədəb-ərkanı, qanacağı olmayan övlada milyonlarla miras qoysan belə, nə artırasıdır, nə də ağıllanası. Özünə ehram ucalt, yanında da qızıldan güldanı. Əgər o güldana bir kimsə ikicə qərənfil qoymayacaqsa, nə faydası?!

lll

Yanımdan cavan bir oğlan keçdi. Hə, bu qız da bacısıdır, həyat yoldaşı ilə. Hər cümə axşamı düz saat birdə, ikiyə işləmiş buradaca görüşüb əllərində yekə bir gül dəməti aşağıdakı məzara doğru yürüyürlər. Tuncdan tökülmüş büstdən gənc bir qadın boylanır. Tişənin sənətkarlıqla yaratdığı o məhzun və kədərli gözlər balalarını görcək sanki sevinən kimi olur. Sonra hərbçi cüssəli ata da onlara qoşulur. Tanıyıram onu. Hələ 91-ci ildə Ağdərə uğrunda döyüşlərdə o qədər bir yerdə olmuşuq ki!..

Bu “şəhər”in qəribə bir məcazı daha var. Onun “küçəsi”ynən, dalanlarıynan hərəkət edənlər aram-aram irəliləyir, gendən də olsa ətrafdakı sinə daşlarına göz gəzdirib sanki tanış, məhrəm bir ad axtarırlar. Tapdılarmı, qəfil görüşünmü, yaxud anidən axıb gələn xatirələrin təsirindənmi, bir anlıq ayaq saxlayır, mərhumun ruhunu duaları ilə salamlayıb yenə də yollarına davam edirlər. Onsuz da bu məkanda nə qədər ehmalca addımlasan da, əbədiyyət yuxusuna dalanların qərib ruhu dərhal xəbər tutur, məzar daşları narahat-narahat yollara boylanıb öz ziyarətçisini gözləyir.

lll

Bayaq dedim, Allahın işidir, həyatda qəbuluna belə düşə bilmədiyin adamlar axirət evində qonşun ola bilir.

Bir dəfə xudmani məclislərdən birində söhbət hərlənib-fırlanıb evdə-bağda qonşuluq məsələsinin üstünə gəldi. Qiyabi olaraq tanıdığım və hər biri kifayət qədər yüksək mənsəb sahibi olan qonaqlardan bəzilərinə sözarası - Hə, elə mən də sizin qonşunuzam! - dedim. Nə gizlədim, bəziləri açıq-aşkar təəccüblənən kimi olurdu.

Axırda biri dözə bilməyib - Axı, sən hansı mərtəbədə olursan ki? - soruşdu.

O biri - Gör ha, bu neçə vaxtda heç qarşılaşıb-eləməmişik həyət-bacada - dedi.

Yaşadığı binadakı mənzillərin çox baha olduğunu bilən üçüncü tanışım isə - Əşşi, zarafat eləyirsən yəqin, o evlərin tək elə kommunal xərcləri bir ətək pul eləyir, jurnalistin o boyda pulu hardadır?! - söylədi.

Axırda onların nigarançılığına zarafatla nöqtə qoydum: A kişi, mən gor qonşuluğundan danışıram ey!.. Bu dünyada qismət olmadı, amma o biri dünyada qonşu olacağıq.

Doğrudan da, gör bir tanınmış adamlardan kimlərin özlərinin, yaxud da qohumlarının məzarı var burada. Zəhmli kabinetlərdən, dəbdəbəli maşınlardan çıxmayan adamlar bu məkanda piyada olub əzizlərinin, doğmalarının, dostlarının məzarını “yoluxurlar”.

Buranın qonşuluğu dünyanın fani, ömrün qısa, insancıllığın, əməlpərvərliyinsə daimi olduğu barədə əbədi dəyərləri xatırladır insanlara. Başa salır ki, istər halal, istərsə də haram, dünyanın var-dövlətinə, şan-şöhrətinə sahib ola bilərsən, amma özünlə axirətə heç nə apara bilməyəcəksən. İnsanı ölümsüz edən sağlığında min bir yolla “pəncələdiyi” milyonları, cah-cəlallı malikanələri deyil, qəlblərə, xatirələrə həkk edən təmiz adı, xeyirxah əməlləridir.

Səhv etmirəmsə, bu bir qədim hind aforizmidir: “Var-dövlət mərhumu qapının kandarında tərk edir. Dostlar və qohumlar qəbiristanlıqda. Yalnız xeyir və şər əməllərdir ki, dünyasını dəyişmiş adamı daim təqib edirlər”.

İbrət götürməli hikmətdir.

lll

Yoluma davam edirəm. Soyuq qranitin qəlbinin istisini, baxışlarındakı hərarəti “əridə” bilmədiyi bu gənc vaxtsız gedib dünyadan. Təzəcə qonşu ölkələrdən birinin səfirliyində işə başlamışdı. Həmkarı və həmin ölkədə akkreditə olunmuş son dərəcə alicənab və istedadlı qələm yoldaşlarımızdan biri ilə avtomobil qəzasında həlak olmuşdu. Allah hər üçünə rəhmət eləsin!

Abidəsi qurşağacan ağ qranitdən yonulmuş orta yaşlı bu kişinin məzarının yanından ötənlər onu alqışla yad edirlər. Böyük, məşhur və ziyalı bir nəslin nümayəndəsidir. Atası tanınmış ədib, böyük ədəbiyyatşünas idi. Özcə əməyi, əməli ilə ailəsinin hörmət-izzətini birə-beş artırmışdı. - Allah sevdiklərini yanına tez aparır! - deyəndə bu cür xeyirxah, əməlisaleh insanlar gəlib keçir gözümüzün qarşısından.

Nəhayət, gəlib çatdım.

- Salam, ana, bu da mən! Necəsən? Gör bir qızılgüllər necə açıb?!

... Yenə də susursan. Elə bil yerimizi dəyişmişik. Yadındamı, hər dəfə evə gələndə gileylənərdin ki, ay bala, bir din-danış, bəlkə bir sözün, dərdin var, söylə ki, yüngülləşəsən; xalxın da uşaqları var da, səsi evi başına götürür... anan deyiləmmi?

Necə danışaydım?! Özünün can ağrısını çəkə bilməyən bir anaya balasının ən adi qayğısı belə ağır yük olmazdımı? İndi isə mən danışıram, sən susursan. Məgər bunu istəmirdinmi?

lll

Bu şəhər mənə əziz şəhərdir. Çünki dünyada ən qiymətli varlıq olan anam uyuyur burada.

Hərənin bir doğması, dostu, əzizi yatır bu məkanda. Ona görə də yəqin fikir vermisiniz, yaşadığımız şəhərin qonşuluğundakı bu “şəhərə” hüznlə, kədərlə girib çıxanda yüngülləşirik. Əzizlərimizin, doğmalarımızın uyuduğu bu məkan bizə yeni ovqat, yaşamaq eşqi bəxş edir, bizi yaxşılığa, yaxşı işlərə kökləyir.

... Bu iki şəhərin qonşuluqda olmasının daha bir bəşəri hikməti, fəlsəfi anlamı da var - insan bir gün yolunun mütləq oradan düşəcəyini unutmamalıdır!

Bu da bir dərsdir. Əbədi ruhların dolaşdığı bir şəhərin qonşuluqdakı şəhərin gəzən, dolaşan, dalaşan, danışan, qayğılı-qayğısız ... sakinlərinə inadla təlqin etmək istədiyi əxlaq dərsi, mənəviyyat dərsi, həyat dərsidir.

525.az

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar