Menu

Manaf Manafov YAP-dakı vəzifəsindən uzaqlaşdırıldı - Avtoqəza törətməkdə ittiham olunurdu

06.05.2017, 11:57
Manaf Manafov YAP-dakı vəzifəsindən uzaqlaşdırıldı - Avtoqəza törətməkdə ittiham olunurdu

Pirallahı Rayonunda YAP-ın rayon təşkiatının konfransı keçirilib.

Təşkilatdan “Qafqazinfo”ya daxil olan xəbərə görə, yığıncaqda təşkilati məsələlərə baxılıb. Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Hikmət Şikarov YAP Pirallahı rayon təşkilatının sədri seçilib. Qoçalı Mahmudov, Əli Kərimov, Baxarəddin Rəsulov və Bəxtiyar Balakişiyev sədrin müavinləri seçiliblər. Həmçinin, 35 nəfərdən ibarət Şura, 15 nəfərdən ibarət İdarə Heyəti və 5 nəfərlik Nəzarət-Təftiş Qrupunun üzvləri müəyyənləşdirilib.

Təşkilati məsələlərdən sonra çıxış edən rayon təşkilatının sədri Hikmət Şikarov qeyd edib ki, YAP Azərbaycan dövlətinin dünya siyasətində rolunu və nüfuzunu daha yüksəldəcək beynəlxalq arenada fəallığı ilə, mütəşəkkilliyi ilə seçiləcək.

"AzPolitika" xatırladır ki, YAP Pirallahı rayon təşkilatının artıq keçmiş sədri Manaf Manafovun adı gündəmə onun xidməti avtomobili ilə törədilən və ölümlə nəticələnən avtoqəza ilə gəlmişdi. Belə ki, 2 sentyabr 2016-cı il tarixdə Qala-Dübəndi yolunda baş verən bu avtoqəzada piyada Tariyel Rzaquliyev həyatını itirmişdi. Aylarla davam edən istintaqdan sonra M.Manafovun sürücüsü Baxşiyev Bağış həbs olunsa da, Tariyelin atası Cəmşid İrzaquliyev istintaqın düzgün aparılmadığından şikayətlənərək, Prezident İlham Əliyevə müraciət etmişdi. O, iddia etmişdi ki, istintaq düzgün aparılmayıb, ilkin sübutlar məhv edilib və çox böyük ehtimalla, qəza zamanı sükan arxasında sürücü yox, Manaf Manafovun özü olub.  

C.İrzaquliyev Prezidentdən M.Manafovun tutduğu vəzifədən uzaqlaşdırılmasını və barəsində ölçü götürülməsini xahiş edirdi.

M.Manafovun YAP Pirallahı rayon təşkilatının sədri vəzifəsindən uzaqlaşdırılmasının sözügüdən avtoqəza ilə bağlılığı olduğu ehtimal olunur.

V.Nəsibov

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol