Menu

Sabah ABŞ-da Azərbaycanla bağlı kritik dinləmələr olacaq

10.06.2014, 09:40
Sabah ABŞ-da Azərbaycanla bağlı kritik dinləmələr olacaq

Helsinki Komissiyasındakı müzakirələrə Bakıdan heç kim dəvət olunmayıb

İyunun 11-də ABŞ Helsinki Komissiyası Azərbaycanla bağlı xüsusi dinləmə keçirəcək. ABŞ-Azərbaycan münasibətlərinin təhlükəsizlik, iqtisadi və insan haqları tərəflərinin müzakirə olunacağı tədbir haqda Helsinki Komissiyasının yaydığı məlumatda deyilir ki, Azərbaycan ABŞ-ın tərəfdaşıdır, Avropanın enerji təchizatçısıdır, Əfqanıstanda beynəlxalq qüvvələrə yardım edir. Bunlarla yanaşı, Azərbaycan Avropanın iki aparıcı insan haqları qurumlarının üzvü olmasına baxmayaraq mütəmadi olaraq qeyri-demokratik seçkiyə, siyasi rəqibləri ədliyyə sisteminin köməyi ilə cəzalandırmağa görə tənqid olunur.

“Turan” İnformasiya Agentliyinin yaydığı məlumata görə, dinləmələrdə Azərbaycandakı durum, ikitərəfli münasibətlər, demokratiya və insan hüquqları sahəsində vəziyyət barədə bir sıra məruzəçilər çıxış edəcək. Bunların sırasında ABŞ dövlət katibinin müavinin iki köməkçisi də var-Tomas Melia (demokratiya və insan hüquqları) və Erik Rubin (Avropa işləri üzrə). Dinləmələrdə həmçinin Milli Demokratiya Təşkilatının (MDİ) təşkilatının Rusiya və Avrasiya üzrə direktoru Miriam Lanskoy və Corctaun Universitetindən Brenda Şafer çıxış edəcəklər.

Azərbaycanı dinləmələrdə ABŞ-dakı səfir Elin Süleymanovun təmsil edəcəyi gözlənilir.

Qeyd edək ki, 2013-cü ilin 17 iyulunda da ABŞ Helsinki Komissiyası Azərbaycanla bağlı dinləmə keçirmişdi. Dinləmədə Azərbaycanın səfiri Elin Süleymanovla yanaşı, deputat Səməd Seyidov, EL Hərəkatının sədri Eldar Namazov, REAL Hərəkatının rəhbərlərindən Erkin Qədirli və digər şəxslər iştirak etmişdilər.

Budəfəki dinləmələrə isə Bakıdan heç kimin dəvət olunmadığı bildirilir. Eldar Namazov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, 11 iyuna təyin olunan dinləmələr növbədənkənar dinləmələrdir. Bu dinləmələrin günü, hazırlıq işləri barədə əvvəldən informasiya verilməyib. Çox güman ki, buna görə dəvətlər olmayıb: “Yəqin bu dinləmələr son həftələrdə baş verən hadisələrlə, o cümlədən Azərbaycan-ABŞ münasibətlərində son vaxtlar müşahidə olunan vəziyyətlə bağlıdır. Ola bilsin ki, diqqət mərkəzində bəzi Azərbaycan rəsmilərinin son vaxtlar ABŞ səfiri Riçard Morninqstarın üzərinə hücumları, vətəndaş cəmiyyətinə qarşı repressiyalar və rəsmi Bakının insan hüquqları sahəsində öhdəliklərinə məhəl qoymaması kimi məsələlər olacaq”.

REAL Hərəkatı İdarə Heyətinin üzvü Natiq Cəfərli də bildirdi ki, bu, növbədənkənar dinləmələrdir və çox qısa zaman öncə belə dinləmənin keçirilməsi qərarı qəbul olunub. ABŞ-da Azərbaycanla, bu bölgə ilə məşğul olan insanlar öz aralarında müzakirə aparmaq, beyin fırtınası təşkil etmək istəyirlər. Bu səbəblərə görə də Azərbaycandan kimlərəsə dəvətlərə ehtiyac duyulmayıb: “Amerikalılar özlərinin əllərində olan məlumatlar çərçivəsində vəziyyəti dəyərləndirmək istəyirlər. Amma çox maraqlı dinləmələr olması gözlənilir. Çox güman ki, dinləmələrdən sonra maraqlı mesajlar olacaq.

Azərbaycandan böyük ehtimalla ABŞ-dakı səfirimiz dinləmədə iştirak edəcək. Digər rəsmi şəxslərin dəvət olunması haqqında məlumat yoxdur".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol