AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Şərqi Çin dənizinin səmasında baş vermiş insidentə görə, Çin Xalq Respublikası (ÇXR) Müdafiə Nazirliyi (MN) ölkə sərhədləri yaxınlığında nümayiş etdirdiyi «müşahidəçi aktivliyi»ni dayandırmağı Vaşinqtondan sərt formada tələb edib.
Bu beynəlxalq qalmaqal Amerika hərbi komandanlığının Şərqi Çin dənizi səmasındakı insidentə görə, Pekini «qeyri-peşəkar davranış»da ittiham etdikdən sonra başlayıb («Röyter»).
Agentliyin məlumatına görə, bütün bunlar Çinin Su-30 qırıcıları Amerikaya məxsus Boinq WC-135 təyyarəsini Şərqi Çin dənizi üzərində «tutandan» sonra başlanıb. O zaman Çinin xarici işlər nazirliyinin (XİN) nümayəndəsi Xua Çunin bəyan edib ki, ölkəsi ABŞ hərbi-hava qüvvələrinin Çin hava məkanı yaxınlığında təlimlər keçirməsindən narahatdır.
Elə həmin vaxt ABŞ-ın Sakit okean hərbi-hava qüvvələri komandanlığının nümayəndəsi Lori Hoca bildirib ki, insidentin müzakirəsi Çin tərəfi ilə özəlliklə davam etdirilir. Bu zaman, həm diplomatik, həm də hərbi kanallardan istifadə etmək nəzərdə tutulur.


Şərhlər