Menu

Ban Ki-moon İraqla beynəlxalq həmrəyliyə çağırır

12.06.2014, 11:03
Ban Ki-moon İraqla beynəlxalq həmrəyliyə çağırır

BMT-nin baş katibi Ban Ki-moon beynəlxalq ictimaiyyəti İraqla həmrəylik nümayiş etməyə çağırıb. İraqda sünni yaraqlılar hücuma keçiblər. Onlar iyunun 11-də Tikrit şəhərini, bir gün öncə isə Mosulu zəbt ediblər, Mosulda 80 türkü tutublar. İyunun 12-də BMT Təhlükəsizlik Şurası toplaşaraq İraqdakı durumu müzakirə edəcək. Ağ Ev son sutka ərzində təhlükəsizlik vəziyyətinin pisləşdiyini bildirir. Dövlət Departamentinin sözçüsü Jen Psaki deyib ki, Birləşmiş Ştatların yaraqlıları dəf etmək üçün İraqa yeni yardım göstərəcəyi gözlənir, ancaq detallara varmayıb.

KOMANDİRLƏR CƏZALANDIRILACAQ

Baş nazir Nuri al-Maliki Mosulu yaraqlıların tutmasını «sui-qəsd» adlandırıb və şəhərin güclə geri alınacağına and içib. O, deyib ki, geri çəkilən ordu komandirləri «cəzalandırılmalıdır». İyunun 10-da yaraqlılar Mosulu tutanda, məlumatlara görə, təhlükəsizlik qüvvələri formalarını dəyişib və şəhərdən qaçan sakinlərə qoşulub. 2 milyon əhalisi olan Mosulu 500 min nəfərin tərk etdiyi bildirilir.

PEŞMƏRGƏ İLƏ ƏMƏKDAŞLIQ OLUNACAQ

İraq parlamenti iyunun 12-də toplaşıb Malikinin fövqəladə vəziyyət elan etmək xahişinə baxacaq. İraqın xarici işlər naziri Hoshyar Zebari deyib ki, Bağdad yaraqlıların Mosuldan çıxarılması üçün yarımuxtar kürd regionunun hərbi qüvvəsi - Peşmərgə ilə əməkdaşlıq edəcək. Ancaq mümkün əməkdaşlığın detalları barədə bilgi verilməyib. Yanvardan bəri yaraqlılar Ramadinin bəzi hissələrini və Fəllucə şəhərini tutublar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol