Taleh Qaraşovun tutdurduğu həkim 5 il cəza aldı
Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Elşad Əliyevin sədirliyi ilə Nurəddin Qurbanov işi üzrə məhkəmə prosesi sona çatıb. Məhkəmənin hökmünə əsasən Lənkəran Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində çalışmış N.Qurbanov 5 il azadlıqdan məhrum olunub. Prosesdə baş verənlərdən əvvəl qeyd edək ki, ötən saylarımızdan birində “Lənkəranın icra başçısına 150 min manatlıq ittiham” sərlöhvəli yazıda N.Qurbanovun həbsinin səbəblərindən yazmışdıq. N.Qurbanovun yaxınları demişdilər ki, uzun illər baş həkim olmuş bu şəxs Məhəmməd Səfərov adlı tanışının rayon təhsil şöbəsinin müdiri vəzifəsinə keçməsi üçün verdiyi 150 min manat pulu cəlilabadlı sahibkar Zaur Arif oğlu Rəhmanov vasitəsi ilə icra başçısı Taleh Qaraşova ötürüb. Sonradan M.Səfərov vəzifəyə təyinat almayıb və pul geri qayıtmayıb. Sonuncunun şikayətindən sonra N.Qurbanov
həbs olunub.
Dünən keçirilən son məhkəməsində N.Qurbanov hakimdən 1 sualına cavab istəyib:
- Niyə rüşvət verən Məmməd Səfərovu uşaqların tərbiyə müəsisəsinə - Kərgəlan kənd orta məktəbinə direktor təyin edirlər, mən isə dələduzluq maddəsi ilə ittiham olunuram?
Sabiq baş həkim bu sualı verməklə özünün vasitəçi olduğunu, M.Səfərovun təyinatının veriyi pulun müqabilində gerçəkləşdiyini proses iştirakçılarının diqqətinə çatdırmaq istəyib. Lakin hakim sualı cavabsız buraxıb. Məmməd Səfərov isə məhkəmədə “heç bir vəzifədə işləməmişəm” söyləyib.
N.Qurbanovun yaxınları deyir ki, M.Səfərov məhkəmədən əvvəl bir daha deyib ki, icra başçısı Taleh Qaraşov onu yanına çağırıb, deyib ki, “bəsdir, daha məndən yazma, sənə vəzifə verəcəyəm”.
Növbəti gün Kərgəlan kənd məktəbinin direktorunu işdən azad etdirərək M.Səfərovu həmin məktəbə direktor təyin etdirib. Bu hadisə Taleh Qaraşov xəstələnməzdən əvvəl olub.
Məhkəmə hökmünə münasibət bildərən N.Qurbanovun yaxınları baş verənlərin icra başçısının ssenarisinə uyğun olduğunu deyiblər: “Bu ssenarini quran o biri məmurların da Allah cəzasını verəcək. Bir günahsız ailəyə bu qədər zülm etmək olmaz. Biz məhkəmədəki fasiləsi vaxtı Səfərovdan niyə yalan ifadə verdiyini soruşduq. Səfərov dedi ki, hələ əmr almayıb. Əgər Səfərovun əmri yoxdursa, 1 aya yaxındır məktəbə necə rəhbərlik edir? Əmri varsa adı rüşvət qalmaqalında hallanan Səfərovu Taleh Qaraşov orta məktəbə necə direktot təyin etdirir? Bu faktı fasilədə dəqiqləşdirmək hakim üçün çətin olmazdı. Bu faktın özü çox mətləblərin üstünə işıq salır. Qaraşov pulu mənimsəməyibsə, onda sadalanan fakta nə ad vermək olar? Məhkəmə son qərarında Səfərovun rüşvət verməyini və Məhəbbət Hüseynovun həkimə təzyiq göstərməyini araşdıracağını elan etdi. Halbuki M.Səfərov “Gündəm-xəbər” qəzetinin 22 aprel 2014-cü il tarxili sayında dərc olunan məqaləsində vəzifəyə keçmək üçün 2 dəfə rüşvət verdiyini yazıb. Məhkəmədə ifadə verərkən də bunu etiraf edib. Görəsən möhtərəm hakim nəyi araşdıracaq? Görünən kəndə bələdçi də lazımdır? Nurəddin Qurbanov bu işdə vasitəçi olub”.
Məhkum olunmuş şəxsin yaxınları deyir ki, o, YAP-ın Lənkəran rayon təşkilatının sədr müavini olub, YAP-ın bir çox qurultaylarında iştirak edib: “İşlədiyi müddətdə yaxşı işinə görə dövlət tərəfindən bir neçə mükafata və fəxri fərmanlara layiq görülüb. Cənab prezidentdən xahiş edirik, dövlətinə, xalqına sədaqətlə xidmət edən ağsaqqal bir həkimi, ona atılan nahaq böhtandan xilas edin.
Cənab prezident, əgər bundan sonra Nurəddin Qurbanovun, onun ailəsinin və uşaqlarının başına bir iş gəlsə, bunun səbəbkarları icra başçısı Taleh Qaraşov, polis rəisi Möhübbət Hüseynov, prokuror Natiq Əliyev və onların himayə etdiyi Cəlilabad sakini Zaur Rəhmanovdur. Hörmətli prezident sizin ədalətinizə və humanistliyinizə sığınırıq”.(musavat.com)

Şərhlər