Gənc fəalın anası: “Hər gün Orxanla bağlı təcridxanaya həkim çağırılır”
Mayın 27-də haqqında 315.1 maddə ilə (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) cinayət işi açılan gənc fəal Orxan Əyyubzadənin səhhətində problemlər yaranıb. Qıcolma xəstəliyindən əziyyət çəkən gənc fəal öz vəkili Əsabəli Mustafayevin Kürdəxanı təcridxanasına gəlməsini xahiş edib.
Bu barədə musavat.com-a bu gün Orxan Əyyubzadə ilə görüşən anası Rəhimə Məmmədova məlumat verib. O, oğlunun səhhəti ilə bağlı bunları deyib: “Bu gün onunla görüşmək üçün təcridxanaya getdim. Səhhəti hədsiz dərəcədə pisləşib. Bunun səbəbi də saxlanma şəraitidir. Hər gün Orxanla bağlı təcridxanaya həkim çağırılır. Təcridxanaya getdiyimiz zaman hələ də xəstəlikdən yatırdı. Möhkəm baş ağrıları var. O, qıcolma xəstəliyindən əziyyət çəkir. Bununla bağlı həkim arayışı da var. Artıq xəstəliyi şiddətlənib. Bizdən vəkilinin təcridxanaya gəlməsini istədi. Çox çalışsaq da, səbəbini öyrənə bilmədik”.
Xatırladaq ki, Binəqədi rayon Məhkəməsinin qərarı ilə Orxan Əyyubzadə haqqında 1 aylıq həbs qətimkan tədbiri seçilib. Gənc fəalın məhkəməsinin başlamasına az qalıb. Aldığımız məlumata görə, onun barəsində verilmiş həbs qətimkan tədbirinin vaxtı uzadıla bilər.

Şərhlər