““Azərsu” ASC-nin baş texnoloqu, İstismar İdarəsinin işçiləri, Sumqayıt Sukanal İdarəsinin əməkdaşları bu gün bütün günü hadisə baş verən ərazidə olublar”.
“AzPolitika” xəbər verir ki, bunu Sumqayıtda 119 uşağın sudan zəhərlənməsi barədə xəbərlərə aydınlıq gətirən “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı Sputnik Azərbaycan-a bildirib. “Əməkdaşlarımız suyun tərkibini yoxlayıblar. Nəticələr normaldır. Suda qeyri-adi heç nə aşkarlanmayıb” - deyə Cəbrayıllı bildirib.
Zəhərlənən uşaqlar krandan su içdikdən sonra bu hala düşdüklərini bildiriblər. Uşaqların valideynləri də zəhərlənmənin sudan baş verdiyi qənaətindədir. Anar Cəbrayıllı “uşaqlardan götürülmüş qan analizlərinin nəticələrindən sonra əsas səbəb bilinəcək”, - deyə bildirib.
Xatırladaq ki, son 3 gündə Bakının Hacı Zeynalabdin Tağıyev qəsəbəsində, Novxanı kəndində, həmçinin Sumqayıtın Saray və Ceyranbatan qəsəbələrində yaşayan 2-7 yaşlı 119 uşaq zəhərlənmə diaqnozu ilə Sumqayıt şəhər 1 saylı Uşaq Xəstəxanasına yerləşdirilib. Valideynlər zəhərlənməyə səbəb kimi suyu göstəriblər.
***
Bir neçə gündür ki, Sumqayıtda uşaqlar arasında yayılan kütləvi zəhərlənmə panikaya səbəb olub.
"AzPolitika.info" xəbər verir ki, bu saata qədər 119 uşaq xəstəxanaya yerləşdirilib.
Ancaq rəsmi qurumlar bu zəhərlənmənin səbəbləri barəsində susurlar. Ehtimal olunur ki, uşaqlarda yayılan mədə-bağırsaq infeksiyası Ceyranbatan su anbarından verilən içməli sudan keçib. Hətta sosial şəbəkələrdə daha həyəcanlı xəbərlər yayılmaqdadır.
Jurnalist Şahvələd Çobanoğlu Feysbukda yazıb ki, bu zəhərlənmənin Bakıya da keçdiyi barədə xəbərlər var. Şakir Məmmədov adlı şəxs isə qeyd edib ki, Sumqayıtda halsızlıq, başağrısı halları kütləviləşib.
Aynur İslamova isə şok iddia ilə çıcış edib: "Azərsu”da işləyən biri mənə demişdi ki, su xlorlandıqdan sonra ən azı 4 gün saxlanmalı və şəbəkəyə vurulmalıdır.
Amma "Azərsu” Ceyranbatanda suyu xlorladıqdan sonra çox az zaman içərisində şəbəkəyə yönləndirir. Bu da suda olan bağırsaq çöpü, bir çox bakteriyaların aktiv şəkildə yayılmasına səbəb olur”.
Qeyd edək ki, Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsini icra edən İmran Abdullayev bildirib ki, son üç gün ərzində Saray, Masazır, Corat, Hacı Zeynalabdin Tağıyev və Ceyranbatan qəsəbələrindən xəstəxanaya müraciət edənlərin sayı 119 nəfərdir.
Onlardan 72 nəfəri təkcə Tağıyev qəsəbəsinin sakinləridir. Artıq uşaqlardan 65 nəfəri evə buraxılıb. Hazırda Mərkəzin əməkdaşları uşaqların gətirildiyi ünvanlardan su nümunələri götürürlər. Laborator müayinələr aparılacaq.
Lakin suda olan infeksiyanın haradan qaynaqlandığı, necə düşdüyü məlum deyil. Bunun bir təxribat olduğu müəmması da var. "Azərsu” ASC-dən məsələ ilə bağlı açıqlama verilməyib.


Şərhlər