Almaniyanın “Bild am Sonntag” qəzeti son günlər adı növbətti dəfə korrupsiya qalmaqallarında çəkilən FİFA prezidenti Jozef Blatterin idman sahəsində “razborkalara” baxan məşhur rus mafozu, “Tayvançik” ləqəbli Alimjan Toxtaxunovla birgə fotosunu yayıb.
Virtualaz.org saytı xəbər verir ki, foto Almaniya xüsusi xidmət orqanlarının arxivindən götürülür.
Fotoda Rusiya Futbol İqttifaqının keçmiş sədri və FİFA vitse-prezidenti Vyaçeslav Koloskov da yer alır.
A.Toxtaxunov rus mafiyasının başçılarından biri hesab olunur və İnterpol tərəfindən beynəlxalq axtarışa verilib. O, idman sahəsində korrupsiya sövdələşmələrinin ustası sayılır.
Xəbərdə bildirilir ki, Blatter onunla 2005-ci ilin yanvarında Moskvadakı “China Club” restoranında görüşüb və həmin foto alman kəşfiyyat agenti tərəfindən restoranda çəkilib.
Y.Blatter özü isə fotonu belə şərh edib: “Mənim kənar şəxslərlə minlərlə fotomu tapmaq olar. Amma bu, o demək deyil ki, mən həmin adamların hamısını tanıyıram. Bu cənabı heç xatırlamıram”.
Lakin fotodan görünür ki, Blatterlə Toxtaxunov məhdud çevrədə yemək mərasimindədir və söhbət edirlər. Yəni fotodan onların bir-birini yaxşı tanıdığını sezməmək mümkün deyil.
Hazırda FİFA-nın 2018-ci il futbol üzrə dünya çempinonatının Rusiyada, 2022-ci ildə isə Qətərdə keçirilməsinə dair qərarının korrupsiya sövdələşməsinin nəticəsi olduğuna dair iddiaları araşdırır.
Ötən həftə müstəntiq Mayk Qarsiya toplanmış materialları Münhen məhkəməsinə təqdim edib. Əgər iddialar sübut olunsa, bu ölkələrdə keçirilməsi nəzərdə tutulan turnirlər baş tutmayacaq. Qərarın gələn ayın ortalarında qəbul edilməsi nəzərdə tutulur.
“Blatter və FİFA rəhbərliyi mütəşəkkil cinayətkar qruplaşmanın bütün kriteriyalarına cavab verir. FİFA-dakı korrupsiya və fırıldağın miqyası heyratamizdir” - deyə şotland jurnalisti, FİFA barədə ifşaedici materialların müəllifi Endryu Cenninqs bildirib.
Bundan əvvəl “Bild am Sonntag” qəzeti “Tayvançik”in Rusiya hökumətinin nümayəndələri ilə görüşü barədə yazmışdı. Həmin görüşdə Soçidə Qış Olimpiya Oyunlarının keçirilməsi üçün Beynəlxalq Olimpiya Komitəsinin rəhbərliyinə təzyiq edilməsi məsələsi müzakirə olunub.
“Olimpiada və futbol üzrə dünya çempionatı kimi prestijli idman tədbirlərinin keçirilməsində hökumət, xüsusi xidmət orqanları və cinayətkar qruplaşmalar əlbir işləyir. Bu, Rusiyanın xarici siyasətinin bir hissəsidir” - deyə alman qəzeti yazır.


Şərhlər