Məhəmməd Əzizovun atası: “Məhəmməd nə edib ki, bağışlansın?”

İsmayıllı hadisələrinə görə həbs olunan “Yeni Müsavat” qəzetinin köşə yazartı Tofiq Yaqublunun qızı Nigar Yaqublu atasının həbsi ilə bağlı son vəziyyətdən danışdı: “Atamın əhval-ruhiyyəsi, saxlanma şəraiti normaldır. Demək olar ki, həfətənin hər bazar günü görüşürük, bundan başqa həftəiçi telefonla da əlaqə saxlayırıq. “Yeni Müsavat” və “Azadlıq” qəzeti sayəsində mətbuatı davamlı izləyir. Ən əsas məsələ isə apellyasiya məhkəməsinin vaxtının uzadılmasıdır. Bildiyiniz kimi, iyunun 5-də Şəki Apelyasiya Məhkəməsində məhkəməsi olacaqdı. Amma heç bir izahat verilmədən və növbəti məhkəmə tarixi açıqlanmadan təxirə salındı. İndi də məhkəmənin vaxtını gözləyirik”.

Xatırladaq ki, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu Cinayət Məcəlləsinin 220.1-ci və 315.2-ci maddələri ilə ittiham olunub. O, yanvarın 23-də və 24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilir.

Həbsdə olan NİDA-çı gənc Şahin Novruzlunun atası İbrahim Novruzlu bu yaxınlarda oğlu ilə görüşdüklərini dedi: “Bu yaxınlarda Şahinlə görüşdük. Əhval-ruhiyyəsi, saxlanma şəraiti, hər şey öz qaydasındadır. Bir şikayəti yoxdur. Bu yaxınlarda saytlarda gedən “Şahin Novruzlu da əfv yazacaq” kimi xəbərlər də tam yalandır. Düzdür, digər gənclər də daxil olmaqla, Şahin Novruzluya da əfvlə bağlı müraciət ediblər. Amma o, qəbul etməyib”.

Digər NİDA-çı gənc məhbus Məhəmməd Əzizovun atası Rasim Əzizov: “Bu yaxınlarda telefonla danışmışıq. Məhəmməd heç vaxt dərdini bizə deyən deyil. Əfv o deməkdir ki, kimsə nə isə etsin ki, əfv üçün müraciət etsin. Amma, o, nə edib ki, bağışlansın? Mən belə başa düşürəm. Özünün durumu isə ümumilikdə, yaxşıdır. Aclıq aksiyasından sonra arıqlamışdı, amma indi düzəlib”.

Gəncin atası, bu yaxınlarda anası Məhluqə xanımın Məhəmmədlə görüşdüyünü dedi: “Təxminən bir ay olar ki, Məhəmməd bizi qoymur, görüşməyə... Axırıncı dəfə mayın 17-də getmişəm. Aclıq aksiyasından təzə çıxmışdı, bir az yaxşı idi. Onun orada soyuducu problemi var. Buna görə də biz ona sovqat apara bilmirik. Deyir ki, hava istidir, bu qədər əziyyət çəkirsiniz, amma soyuducu olmadığından hamısı xarab olur. Həm də özü isti havada yemək yeyə bilmir. İndi bir aydır ki, onu görmürəm, amma davamlı zəng edir. Özü deyir ki, narahat olmayın, yaxşıyam. Amma dəqiq bilmirəm, necədir, çünki 1 aydır ki, görmürəm”.

Qeyd edək ki, “Nida” Vətəndaş Hərəkatının 7 üzvü - Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Zaur Qurbanlı və Rəşad Həsənov həbs olunub. İctimaiyyət gənclərin həbsini haqsızlıq kimi qiymətləndirir. Beynəlxalq “Amnesty İnternational” təşkilatı gəncləri vicdan məhbusu elan edib. Və beynəlxalq qurum tərəfindən bütün vicdan məhbuslarının dərhal azadlığa buraxılması tələb olunur.(musavat.com)