Naxçıvanda 93 kq narkotik tutan gömrükçülər mükafatlandırılıb – “MAL”IN SAHİBİ KİMDİR?

İyun ayının 18-də Naxçıvan Muxtar Respublikasının İran İslam Respublikası ilə sərhədində yerləşən Şahtaxtı gömrük sərhəd-keçid məntəqəsindən MR ərazisinə külli miqdarda narkotik vasitənin keçirilməsi cəhdinin qarşısını alan gömrük əməkdaşları mükafatlandırılıb. Bu barədə Naxçıvan Televiziyasına MR Gömrük Komitəsindən məlumat verilib.

Bu münasibətlə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində keçirilən tədbirdə çıxış edən komitə sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov narkotik qaçaqmalçılığı faktının aşkarlanmasında əməyi olan gömrükçüləri təbrik edərək, onlara “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 illiyi (1992-2017)” yubiley medalını təqdim edib. Gömrük orqanlarında öz vəzifələrini nümunəvi şəkildə yerinə yetirdiyinə və xidmətdə yüksək nəticələr əldə etdiklərinə görə bu medalla təltif olunan gömrükçülər Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin fəxri fərmanı ilə də mükafatlandırılıblar.

Xatırladaq ki, külli miqdarda narkotik qaçaqmalçılığı faktı iyun ayının 18-də Naxçıvan Muxtar Respublikasının İran İslam Respublikası ilə sərhədində yerləşən Şahtaxtı gömrük sərhəd-keçid məntəqəsində qeydə alınıb. Belə ki, 1967-ci il təvəllüdlü Türkiyə Respublikası vətəndaşı Cəlal Böyükaslanın idarə etdiyi 07 MCK 92 dövlət nömrə nişanlı Volvo markalı yük maşınına gömrük baxışı həyata keçirilən zaman qoşqunun döşəmə hissəsində 180 bükümdə qablaşdırılaraq gizlədilmiş ümumi çəkisi 93,6 kq narkotik vasitə - heroin aşkar edilərək götürülüb.

Narkotik yüklü avtonəqliyat vasitəsinin Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Türkiyə Respublikasına gedəcəyi müəyyən olunub. Faktla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq şöbəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) cinayət işi açılıb.

“AzPolitika”nın məlumatına görə, ələ keçirilən narkotik vasitənin terror təşkilatı PKK-ya məxsus olduğu ehtimalı yüksək qiymətləndirilir. Dəyəri bəlkə də milyonlarla hesablanan 93 kq narkotik vasitənin sahiblərinin belə “ehtiyatsızlığı” isə xüsusilə maraq doğurur. Hər halda onlar bilməmiş deyillər ki, Azərbaycanın sərhəd keçid məntəqələrində narkotik vasitələrin və digər qaçaqmalçılıq mallarının aşkarlanmasını təmin edən müasir texnoloji avadanlıqlar quraşdırılıb və belə olduqda “qüdrətli əl”in köməyi olmadan bu gömrüklərdən külli miqdarda narkotik vasitə keçirmək çox risqli işdir. Bu səbəbdən belə böyük partiyada narkotik vasitənin Naxçıvan üzərindən Türkiyəyə keçirilməsi cəhdinin pərdəarxası məqamları ilə bağlı xeyli suallar var. Bu suallardan biri də 93 kq narkotik vasitənin saxlanmasından dərhal sonra Sədərək Gömrük-Keçid Məntəqəsinin məşhur rəisi Mirməhəmməd Seyidovun işdən çıxarılmasının bu məsələ ilə bağlılığının olub-olmaması haqdadır. Hələlik, informasiya azlığından dolayı, bu barədə qəti fikir bildirmək mümkün deyil.

"AzPolitika"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar