Azərbaycan Liberal Partiyasının sədri Əvəz Təmirxanın “Azpolitika.info”-ya müsahibəsi
- Əvəz bəy, Milli Şuradan da ayrılan ALP hazırda hansı fəaliyyətlə məşğuldur?
-Daxili təşkilatlanma işləri ilə məşğuldur.
- Lalə xanım çox az-az görünür. ALP-nin lideri ölkədə və regionda baş verən proseslərlə bağlı mövqeyini niyə açıqlamır?
- Ölkədə axı elə də böyük proseslər getmir ki, Lalə Şövkət onlara öz mövqeyini bildirsin. Ara-sıra olan hadisələrə isə mövqe bildirməsini düzgün hesab etmir. Azərbaycan Liberal Partiyası yeganə partiyadır ki, Azərbaycanın Avropa İttifaqına daxil olması istəyi ilə 2005-ci ildə tədbir keçirdi. Eyni zamanda ALP Azərbaycanı, Türkiyəni və türk dünyasını, Amerika, Rusiya və Azərbaycan hökumətini ATƏT-lə daha sıx mədəni, siyasi, hərbi və iqtisadi əməkdaşlığa çağırır.
Əgər bu gün Amerikanın çox ciddi bir politoloqu olan, bir sıra ABŞ prezidentlərinin yardımçısı kimi fəaliyyət göstərmiş Zbiqnev Bjezinski Vankuverdən Vladivostoka qədər, tam kontinental, TransAtlantik birliyin yaranmasına çağırırsa və bu ALP-nin uzun illərdir hazırladığı proyektlə üst-üstə düşürsə, deməli taleh Azərbaycanın və türk dünyasının üzünə gülür. Çünki bu gün amerikalı analitiklər o qənaətə gəlib ki, ATƏT-i biz təşkilatdan ittifaqa çevirməliyiq. Deməli biz də, bunun təşəbbüskarı olmalıyıq ki, Amerika-Rusiya qarşıdurmasında yaranmış vəziyyətdən özümüzü qoruyaq. Əks halda biz gərək Rusiyanın siyasi məngənəsinə düşməliyik və orada çabalamalıyıq. Digər tərəfdən isə NATO-Rusiya qarşıdurmasını zəiflədən və gərginliyi azalda biləcək bir layihənin rəsmən təşəbbüskarına çevrilə bilərik. Həmin politoloq bu fikirləri qeyri-rəsmi ortaya qoyub və bildirib ki, “Mən xoşbəxt olardım ki, mənim bu təklifimi hökumətlər rəsmi qəbul etsin”. Bir sözlə, ALP strateji düşüncələr partiyasıdır. Bu gün onu da qeyd etmək istəyirəm ki, ATƏT çox gücsüzdür. Bu göz qabağındadır. Elə Dağlıq Qarabağ probleminin həllində. Niyə? Çünki ATƏT-ə daxil olan dövlətlərin maraqları toqquşur. ATƏT-in həmsədrlərinin maraqları toqquşur. Ona görə də, biz artıq 26-27 ildir əziyyət çəkirik. ALP təklif edir ki, bütün məsələlərdə və qarşıdurmalarada problemlərə kökündən baxmaq lazımdır. Hesab edirəm ki, ABŞ-Rusiya qarşıdurmasından ən çox uduzan Azərbaycandır, Türkiyədir və türk dünyasıdır. Biz deyirik ki, demokratik prinsiplər və dəyərlər əsasında Azərbaycanın NATO-ya, Avropa İttifaqına və Türkiyəyə inteqrasiyası qalmaqla, iqtidar və müxalifətin hakimiyyətdə olmasından asılı olmayaraq, ATƏT-in mədəni, siyasi, iqtisadi və hərbi təşkilata çevrilməsi təşəbbüsünü ortaya qoymalıdır. Bu da Z.Bjezinskinin Krım-Qərb, Vankuverdən Vladivostoka qədər planı ilə üst-üstə düşür. Əgər bizim 15 il bundan əvvəl hazırladığımız layihə ilə Bjezinskinin fikirləri üst-ütsə düşürsə, hesab edirəm ki, bu ALP üçün böyük komplimentdir!
- ALP parlament seçkiləri ilə bağlı hansı mövqeni tutmaq niyyətindədir?
- Ümüd edirəm mənim bu proqnozum özünü doğrultmaz, amma bu gün qarşıdurmalar o qədər gərgindir ki, ola bilsin heç parlament seçkiləri olmasın. Çünki dünyada bu dəqiqə vəziyyət çox gərgindir. Ukrayna böhranı dünya müharibəsinə çevrilə bilər. Əgər parlament seçkilərində proporsional seçki sistemi bərpa olsaydı, ALP Azərbaycanda birinci yeri tutardı. Azərbaycan xalqı artıq qarşılıqlı düşmənçiliyi qəbul etmir və ALP qarşıdurma təfəkküründən, düşüncəsindən, davranışından ən uzaq olan bir partiyadır. İqtidarla müxalifət arasında qarşıdurma, müxalifətdaxili qarşıdurma və nəhayət cəmiyyət daxilində qarşıdurma təfəkküründən uzaq bir partiyadır. Ona görə də, təkrar edirəm ki, bu gün Azərbaycanda parlament seçkisi olsaydı və o seçkilər proporsional qaydada keçirilsəydi ALP ən yüksək nəticə əldə edərdi.
- ALP-nin Müsavatla zaman-zaman qarşılıqlı ittihamlarının olması nə ilə bağlıdır?
- Onu deyə bilərəm ki, ALP bu gün keçmişdə olmuş ittihamları müzakirə etmək niyyətində deyil.
- Sizcə Müsavatın qurultayı niyə baş tutmur?
-Əslində mən o partiyanın daxili işlərinə qarışmaq istəmirəm, amma bu gün hakimiyyət nəyə görə hər hansısa bir partiyaya onun istədiyi zalı vermir? Mən bunu başa düşmürəm. Bu gün Yeni Azərbaycan Partiyasının hər rayonda “prezident sarayı” var. Mən demirəm bütün partiyalar üçün saray tikilməlidir. Çünki Azərbaycan xalqının ağır maddi sıxıntılar işində yaşadığı bir dövrdə, bu böyük israfçılıqdır. Yeni Azərbaycan Partiyasının hər rayonda özünə “prezident sarayı” tikməsi israfçılıqdır və dini baxımdan qəbul edilməzdir. Amma nə üçün partiyalara qurultay keçirmək üçün imkan vermirlər? O cümlədən Müsavat Partiyasına nə üçün vermirlər? Bu ondan irəli gəlir ki, hakimiyyət öz yeritdiyi siyasətin haqlılığına əmin deyil. Güclü hakimiyyət müxalifətin də güclənməsinə imkan yaratmalıdır. Çünki rəqibi gücləndikcə, o daha da güclənəcək.
- Əvəz bəy, deyilənə görə siz Azərbaycan təhsili və demokratik seçkilərlə bağlı konsepsiya hazırlamısız...
- Konsepsiyanın əsas mahiyyəti ondan ibarətdir ki, hər gün imtahan, hər il seçki. Konsepsiyaya əsasən, Azərbaycanda 16 illik təhsil sistemi olmalıdır. Baxça təhsili 16 illik təhsil sisteminə daxil olmalıdır. Yəni uşaq 2 yaşından 18 yaşına kimi təhsil almalıdır. Uşaq 2-4 yaşına qədər baxça, 4-6 yaşında hazırlığa getməlidir, 10-12 yaşlarında natamam orta təhsil almalıdır, 14-16 yaşlarında təmayüllü təhsil almalıdır. 11-12–ci siniflərdə ixtisaslaşmış təhsil olmalıdır. Uşaqlara birinci sinifdən başlayaraq ingilis və rus dilləri mütləq keçilməlidir. Azərbaycanın ucqar kənd məktəblərinə belə ən yaxşı müəllimlər gətirilməlidir. Uşaq hər gün, hər həftə və hər ay imtahan verməlidir. Ayın əvvəli verdikləri imtahanın nəticəsinə görə uşaqlar “bilik haqqı” (təqaüd) almalıdırlar. Dərsləri tədris edən müəllimlər isə şagirdlərdən imtahan götürməməlidir. İmtanı xüsusi komissiyanın nümayəndələri götürməlidir və müəllim üç meyyara görə maaş almalıdır: öz bilik səviyyəsinə görə, müəllimlik stajına görə və uşaqların təhsildə göstərdiyi nəticəyə görə. Lalə Şövkət deyir ki, ümumiyyətlə uşaqların təhsili yarış üzərində qurulmalıdır. O zaman Azərbaycan dünyanın ən inkişaf etmiş dövlətlərindən birinə çevrilər.
Uşaqların 12 yaşı olanda bütün siniflər parlamentə çevrilməlidir və bütün uşaqlar gələcək demokratiyaya hazırlanmalıdır. Yəni bütün sinifllər deputat seçməlidir və hər bir uşaq sinifdə deputat olmalıdır. 14-18 yaşına kimi uşaqlar arasında onların biliklərinə görə, Milli Uşaq Məclisinə deputatalar seçilməlidir. Rayon, məhəllə, kənd üzrə deputatlar olmalıdırlar. 18-23 yaşında “Gənclər Məclisi” formalaşmalıdır. Bura da uşaqlar seçki yolu ilə deyil, bilikdən ayrılmamaq üçün yalnız bilik yolu ilə qəbul olunmalıdırlar. 23-28 yaşına qədər gənclərdən siyasi biliklərinə görə seçki yolu ilə “Gənclər Məclisi”nin deputataları olmaq üçün namizəd olmalıdırlar. Milli Məclis və Bələdiyyə üzrə namizədlər bilik əsasında müəyyənləşməli, dövlət ictimai fondundan bərabət maddi dəstək almalı, onların həmin dəstəyi ianə etməyə və xərcləməyə qadağa qoyulmalıdır. Yəni hər bir deputata verilən maddi dəstəklə o nəyə qadir olduğunu nümayiş etdirməlidir. O zaman cəmiyyət inkişaf edə bilər. Bu gün ALP-nin maddi imkanı olmadığı üçün cəmiyyəti bu cür cəmiyyət qurmağa çağıra bilmirik. Bir anlığa düşünün ki, bu ölkəni varlılar yox, savadlılar idarə etməlidir. Ümumiyyətlə, hesab edirəm ki, yalnız Azərbaycanın deyil, bütün türk dünyasının zəfəri yalnız bilik demokratiyasındadır.
Ülkər Musazadə

Şərhlər