RUSİYA ERMƏNİSTANA DƏHLİZ AÇMAQ ÜÇÜN İRƏLİLƏYİR - Mümkün Qarabağ müharibəsi 

Ötən gün iyulun 15-də Gürcüstanın Qori rayonunun Berşueti kəndinin yaxınlığında, separatçı Cənubi Osetiya bölgəsi ilə inzibati sərhəddə etiraz aksiyası keçirilib. Virtualaz.org “Kavkazskiy uzel”ə istinadla xəbər verir ki, aksiyanın məqsədi Rusiya hərbçilərinin Cənubi Osetiya sərhədlərini Gürcüstan ərazilərinin içərilərinə doğru 1 kilometrə yaxın çəkməsinə etiraz etmək idi.

Qori rayon administrasiyasının nümayəndəsi David Tservadze aksiyada çıxışı zamanı deyib ki, Rusiya hərbçiləri sərhədi ölkənin içərilərinə doğru 700 metr çəkiblər. Nəticədə Berşueti kəndinin ərazisinin bir hissəsi, təxminən 10 hektar ərazi Cənubi Osetiyanın nəzarətinə keçib.

Yerli sakinlərin bildirdiyinə görə Rusiya sərhədçiləri Gürcüstanla sərhədə tikanlı məftillər çəkir və mühəndis qurğuları quraşdırır. Aksiya iştirakçıları Berşueti kəndindən sərhəd dirəklərinin basdırıldığı yerə qədər yürüş ediblər. Bir neçə saat davam edən aksiyada müxalifət partiyalarının nümayəndələri, jurnalistlər, QHT fəalları iştirak ediblər. Aksiyaçılar “İşğala yox!”, “Burada dövlət sərhədi olmayacaq!”, “Stop Rusiya” sözləri yazılmış plakatlar, Gürcüstan, ABŞ, Ukrayna bayraqları daşıyıblar.

“Avropa demokratları” partiyasının lideri Paata Davitaya bildirib ki, ictimaiyətin bu məsələdə aktiv olması çox mühümdür. “Biz faktiki olaraq rusların yeni ərazilər zəbt etdiyini müşahidə edirik. Lakin ictimaiyyətin fəallığı bəs etməyəcək, dövlətin də fəallığı və sərt qərarları lazımdır”-o deyib.

Aksiya iştirakçılarından biri Luka Kipiani deyib ki, baş verənlər işğalın davamıdır. “Mən elə bilirdim sərhəd bir az uzaqdadır, heç demə Tiflisdən çox yaxında imiş”-o deyib.

Rayon administrasiyasının nümayəndəsi David Tservadzenin bildirdiyinə görə, sərhədin 700 metr içəri çəkilməsinin nəticəsində kəndlilər öz əkin torpaqlarından istifadə edə bilmir. Onun bildirdiyinə görə, 2008-ci ilin avqust müharibəsində kəndlilərin mülkiyyətində olan 6-7 hektar, dövlət mülkiyyətində olan 100 hektar zəbt olunub.

Qafqaz araşdırmalar mərkəzinin rəhbəri Mamuka Areşidze hesab edir ki, Cənubi Osetiya sərhədlərinin Gürcüstanın içərilərinə doğru çəkilməsində məqsəd Tiflisi “sözəbaxan” etmək, Avroatlantika strukturlarına inteqrasiyadan çəkindirməkdir. Areşidzenin sözlərinə görə, ehtimal var ki, rusların Gürcüstanın içərilərinə doğru irəliləməkdə məqsədi Cənubi Qafqazda Ermənistanla Rusiyanı birləşdirən əsas magistral yola çıxış əldə etməkdir.

“Onlar Dağlıq Qarabağda müharibə zamanı Cənubi Qafqazda eskalasiya halında bu yoldan öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Məsələ ondadır ki, bu şaiyələri Rusiya nümayəndələrinin özləri kuluarlarda yayır. Deyirlər ki, Dağlıq Qarabağda müharibə başlasa zərurət yaranarsa Txinvalidən Gümrüyə gedən yoldan istifadə edəcəklər. Rusların bu yola yaxınlaşmaq üçün açıq-aşkar hərəkətləri müşahidə olunmur, ancaq Rusiyanın tədricən və inamla atdığı addımlar düşünməyə əsas verir”-Areşidze bildirib.

Rusiyanın Gürcüstan üzərindən Ermənistana quru dəhlizi açmaq planları yeni deyil. Bu məqsədlə Abxaziyadan keçən və Rusiyanı Ermənistanla birləşdirən dəmir yolunun açılması 2012-ci ildə Gürcüstanda “Gürcü arzusu” koalisiyasının hakimiyyətə gəlişindən sonra bir neçə dəfə gündəmə gətirilib. Rusiya bu dəhlizi açmaq üçün Gürcüstana təzyiqlər göstərir. Gürcüstan tərəfi Abxaziya dəmir yolunun açılmasına dair bir neçə dəfə qeyri-rəsmi müzakirələr aparsa da rəsmi mövqe belədir ki, Abxaziyanın de-fakto işğalına son qoyulmadan bu, mümkün olmayacaq.

Lakin Rusiyada Gürcüstan üzərindən Ermənistana quru dəhlizi açmaq üçün təkcə danışıqlar yolunu seçməyiblər. Rusiya hərbi-siyasi dairələrində belə plan var ki, “Gürcü arzusu” hakimiyyətdən getsə və Tiflisdə “Ukrayna ssenarisi” üzrə hakimiyyət dəyişikiyi baş versə “Gürcüstan regionlarının təhlükəsizliyini qorumaq” adı altında yeni hərbi müdaxilə həyata keçirilsin, bu zaman Ermənistana Tiflisdən keçən yeganə quru dəhlizi açılsın.

Gürcüstanın keçmiş müdafiə naziri Dmitri Şaşkin rusların bu planları haqda 2014-cü ildə danışıb. Şaşkin Rusiya Dövlət Dumasına “Gürcüstan regionlarının müdafiəsi haqda” qanun layihəsinin daxil olduğunu xatırladaraq demişdi ki, bu, rusların yeni hərbi müdaxilə planlarından xəbər verir. Onun sözlərinə görə ruslar gizlətmirlər ki, 2008-ci ilin avqust müharibəsinin əsas məqsədlərindən biri-Ermənistana quru dəhlizi açmaq vəzifəsi yerinə yetirilməyib. Çünki beynəlxalq ictimaiyyətin səyləri sayəsində Rusiyanı dayandırmaq mümkün olub.

Şakin demişdi ki, ruslar Kaxetiya yoluna çıxaraq oradan Ermənistana, Gümrü bazasına gedən yeganə magistral yola nəzarət etmək istəyirlər. “Bizim 20 faiz ərazilərimizi zəbt etməsinə baxmayaraq Kreml öz hədəfinə çatmayıb, hədəf isə 2008-ci ildə Tiflisin tutulması idi. Gümrü bazasına yeganə quru yolu Tiflisdən keçir. Bu yola Sxinvalidən və ya Qoridan çıxsalar onlar yolda ilişə bilərlər, çünki yolun Nataxtari-Tiflis hissəsi tankların keçidi üçün əlverişli deyil. Ona görə də onlar Kaxetiyadan keçən yola çıxmaq istəyirlər, ora çöllükdür, nə ilə istəsən keçmək olar”-Dmitri Şaşkin bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar