Yeni rəisin əlində Tağı Əhmədovu həbsə atdırmaq üçün saysız miqdarda faktların olduğu iddia edilir
Adətən, bütün normal ölkələrdə idarəetmə sistemindən asılı olaraq, prezident, yaxud baş nazirin fəaliyyətinin ilk 100 gününə qiymət verilir. Mətbuat və ümumilikdə ictimaiyyət bunu geniş şəkildə müzakirə edir. Təbii ki, Azərbaycanda həm mətbuat, həm də ictimai rəy bütün normal ölkələrdəki ilə müqayisədə tam fərqli məna yükü daşıyır. Bu fərqlilik özünü həm də onda göstərir ki, Azərbaycanda “jek” müdirindən tutmuş, nazirə qədər hər bir vəzifə sahibi özünü rəhbərlik etdiyi qurumun və orada çalışanların prezidenti, yaxud baş naziri hesab edir. Hörmətli Tağı Əhmədov da bu xəttin ən sadiq təmsilçisi olub. Onun yerinə təyin olunmuş Zaur Hüseynovu kiminləsə eyniləşdirmək fikrindən uzaq durmaqla, onun da yeni postdakı ilk 100 gününü qiymətləndirmək pis olmaz. Daha doğrusu yuxarı - aşagı 110 gününü (O, bu vəzifəyə fevralın 27-də təyin olunub).
Ticarətsiz metro, metrosuz ticarət

Bu yerdə bir qədim rəvayəti xatırlamamaq olmur. Sən demə ta qədim dinlərə görə, insanların canını Allah özü alırmış. Sonradan insanlar kimisi atasının, kimisi qardaşının, anasının və digər yaxınlarının ölümünə görə yaradana qarğış edirmiş. Bunun qarşısını almaq üçün də yaradan Əzraili yaradıb ki, insanlar ona yox, əzrailə irad bildirsinlər. İndi sanki hörmətli Zaur Hüseynov cənablarına da bu Əzrail(ƏSTAĞFÜRÜLLAH) missiyası tapşırılıbmış. O da “şükür Allaha ki” bu missiyanın öhdəsindən Bakı polisinin köməyilə məharətlə gələ bildi! Metroda ticarət minlərlə kiçik sahibkarın və onların ailələri də nəzərə alınmaqla bəlkə də 10 minlərlə insanın çörəyi hesabına yığışdırıldı. Sanki bu adam o vəzifəyə məhz metro ticarətini yığışdırmaq üçün təyin olunub. Bəs sonra?
İcra başçısı, yoxsa metro rəisi?

Zaur Hüseynovun özü isə mətbuatdan uzaqdır, sanki ona deyiblər ki, sən Tağı Əhmədovun səhvlərini buraxma və qəti mətbuatı yaxına qoyma. Hər halda demirik ki, Tağı müəllim kimi həm şer-ədəbiyyat adamı olsun, həm də nəinki bir ziyalının, hətta dünyadan, mədəniyyətdən uzaq birinin özünə yaraşdırmayacağı şəkildə “ sən ordan cızıllayirsan, bu burdan cızıllayır”, “borcum yoxdu sənə” vəs. bu kimi ifadələr istifadə edib gülüş hədəfinə çevrilsin. Ancaq hər halda 3 aydan artıq müddət bir strateji obyekt rəhbəri üçün az vaxt deyil və ola bilməz ki, onun mətbuata, cəmiyyətə deyiləcək sözü olmasın. Amma hörmətli Zaur Hüseynov cənabları susur! Görəsən niyə? Hesabat verəcək iş görməyib, ya gördüyü işlərin hesabatını verə bilmir...?
Zaur Hüseynovun təyinatında əsas məqsəd nə olub?

Hörmətli Zaur Hüseynovun təcrübəli mühasib olduğunu nəzərə alsaq, bu faktların aşkarlanmasında qeyri-adi bir şey yoxdur. Və bildirilir ki, bu faktlarla bağlı yuxarılara bütün məlumatlar ötürülüb. Lakin nədənsə(!) Tağı müəllimin məsələsinin şişirdilməsinə icazə verilməyib.
Bilirsizmi, məsələn Əli İnsanov təcrübəsi olduqca ibrətamizdir. İnsan 10-15 il bir yüksək vəzifədə çalışır və indiki hakimiyyətin təbirincə desək, birdən-birə onun rüşvətxor, korrupsioner, xəyanətkar və sair olduğu bəlli olur. Adama deyərlər, bu 15 ildə hara baxırdınız? Hanı sizin maliyyə, vergi, hüquq-mühafizə qurumlarınız? Niyə adam məhz yuxarılardan gələn siyasi qərarla vəzifəsindən uzaqlaşdırılandan sonra qovha-qov başlayır? Demək istədiyimiz odur ki, Tağı müəllimi də o vəzifədən düşürən heç də onun maliyyə-iqtisadi “günahları” deyil, bu günahlar şükür ki, hakimiyyətdəkilərin hamısının ayağında var və ən azı milyonlarla ölçülür.
Sadəcə, bu adamınki bura qədərmiş, yəni xidmət etdin, alacağını aldın, verəcəyini verdin(bəlkə də lazımınca vermədin) çəkil kənara! Zaur Hüseynov kimi kadrlar isə Tağı Əhmədov kimi ambisioz fiqurları birdən əgər “çaşarlarsa” cəzalandırmaq üçün olduqca münasibdirlər. Yəni metroda yeyinti xirtdəyəcəndir – “ölü canlara” maaş yazılmasından tutmuş , metro ticarəti və reklam, müxtəlif xərclərin şişirdilməsinə qədər milyonıarla fakt tapa bilərsiniz. Deməli, Zaur Hüseynovun təyinatı bir növ bir güllə ilə iki dovşan vurmaqdır – köhnə və məlum bölgənin kadrları uzaqlaşdırılır, daha proqressiv, peşəkar və ambisiyadan uzaq olanlarla əvəzlənir, həm də hakimiyyətin sifəti hamının istehza mənbəyinə çevrilən ləkəciklərdən təmizlənir...
Yeni rəisi daha böyük vəzifələr gözləyir?
Ancaq bu təyinatın məqsədlərindən biri də yeni rəisin daha yüksək vəzifələr üçün hazırlanması ola bilər. Belə ki, metropolitendə Zaur Hüseynovun bir müddət sonra daha yüksək vəzifəyə təyin olunacağı barədə söhbətlər dolaşır. Onun hakim ailəyə yaxın və “köhnə qvardiya”dan uzaq olduğu şəksizdir. Digər tərəfdən, onun savadı və təcrübəsi də daha yüksək vəzifələr üçün kifayət edəcək qədərdir. Qalır yeni vəzifədə özünü doğrultması. Onu da bacarsa, bütün qapılar açıqdır. Lakin bacarırmı? Burada bir qədər ləng hərəkət etdiyi göz qabağındadır. Məsələn, kiçik bir nüans - nədənsə, metro işçilərinin yenidən sənədlərinin toplanması prosesi olduqca ləng və üzücü forma alıb. Bu proses yeni struktur dəyişiklikləri ilə bağlıdır və metronun strateji obyekt olduğu nəzərə alındıqda, bu hardasa başa düşüləndir. Lakin nədənsə, 4 aya yaxındır bu proses yekunlaşmaq bilmir, bilmək olmur bura MTN-dir, ya metropoliten? Əgər Zaur Hüseynov cənabları belə işləyəcəksə, yeni vəzifə üfüqləri bir az uzaq məsafələrə çəkiləcək...
TAHİR M.
AzPolitika.info

Şərhlər