Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Samir Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, S. Nəbiyev barəsində iki il sınaq müddəti təyin olunmaqla şərti cəza seçilib.
Qeyd edək ki, prokuror S. Nəbiyevin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Prosesin gedişi barədə qısaca məlumat verərək, xatırladaq ki, “Hacı Camalxan” kəndli fermer təsərrüfatının təsisçisi və sahibi Ə. Camalov Qarabağ müharibəsi veteranı Samir Nəbiyevi ona qarşı dələduzluq etməkdə ittiham edib.Bu iddia əsasnda da S. Nıəbiyev barəsində cinayət işi açılmışdı. Zərərçəkmiş Əlikram Camalov kəndli-fermer təsərrüfatının təsisçisi və müdafiə sənayesi naziri Yavər Camalovun qardaşıdır.
İttihama görə, 2015-ci ildə S. Nəbiyev Əlikram Camalova birgə biznes qurmağı təklif edərək ondan icarəyə götürüb işlətdiyi Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən “Brend Elektrik” mağazasına (əslində piştaxta olub- red.) investisiya qoymasını istəyib. Əvəzində isə qazancın yarısını Ə. Camalova verəcəyini vəd edib.
Ə.Camalov onunla razılaşdığını və Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən ofisdə S.Nəbiyevə 2015-ci il noyabrın 3-də 18 min manat, 2016-cı il fevralın 1-də isə 3 min 993 manat (2500 dollar) pul verdiyini bildirib. Ancaq S.Nəbiyevin devalvasiyadan sonra biznesi iflasa uğrayıb və şərikinin pulunu qaytara bilməyib.Əvəzində bütün mallarını təklif etsə də qarşı tərəf razılaşmayıb. Və S.Nəbiyevdən şikayət edib. Onun şikayəti əsasında S.Nəbiyev barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.


Ceyhun Yusifov məhkəmənin belə qərar çıxarmasında ictimaiyyətin, xüsusən də mətbuatın məsələni diqqətdə saxlamasının böyük rolu olduğunu bildirdi: "Buna görə də mən mətbuata, xüsusən də "AzPolitika.info" saytına təşəkkürümü bildirirəm. Məhz Sizin sayənizdə məsələ ölkə rəhbərliyinin, geniş ictimaiyyətin diqqətinə çatdırıldı. Əminəm ki, prosesin gedişatındakı müsbətə doğru dəyişiklikdə, Əlikram Camalovun da məhkəməyə ərizə ilə müraciət edərək, dəymiş ziyandan imtina etməsində, barşığa gəlməsində bunun həlledici təsiri olub".
Ceyhun Yusifov müvəkkilinin son iclasdan öncə vəkil kimi onun xidmətindən imtina etməsinin başadüşülən olduğunu bildirdi: "Samir Nəbiyevin bu addımı niyə, kimin istəyilə atdığını hər kəs baş düşür. Mən də anlayışla qarşılayıram. Mənim üçün əsas olan bir Qarabağ müharibəsi veteranının günahsız yerə həbsə düşməməsi, ailəsinin yanında qalmasıdır. Qalan məsələlərı elə də ciddi əhəmiyyət daşımır. Bu da bizim müdafiəni düzgün qurmağımız nəticəsində baş verdi. Vaxtilə deputat Rüfət Quliyevi də eyni addımı atmaq məcburiyyətində qoymuşduq..."
RASİM
AzPolitika.info


Şərhlər