AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Səudiyyə şahzadəsi Əl-Vəlid (Əl-Vəlid ibn Talal ibn Əbdül Əziz Əl Səud) fəaliyyətini bərpa edəcəyi təqdirdə, Rusiyanın «Yuqra» bankına kapital yatırmaq imkanlarını müzakirə etməyə hazır olduğunu bildirib.
Bu barədə məlumatı bank sahibi Aleksey Xotinin mətbuat xidməti yayıb.
Rusiya mərkəzi bankı (MB) «Yuqra»nın lisenziyasını iyulun 28-də geri alıb. Amma bankın səhmdarları və top-meneceri bununla razı deyillər. Onlar öz hquqlarını məhkəmədə müdafiə etmək fikrindədirlər. Arbitraj məhkəməsi işə avqustun 15-də baxacaq.
Maraqlısı isə Səudiyyə kral ailəsi üzvlərinin Rusiyanın bank sektoruna yaranmış marağıdır. Məsələ burasındadır ki, indiyə qədər Əl-Vəlid də daxil olmaqla, Səudiyyəli investorlar əsasən Amerika Birləşmiş Ştatlarının (ABŞ) bank sektoru ilə işləyirdilər (məşhur «Siti-Bank» da daxil olmaqla).
İndi ABŞ-n Rusiyaya qarşı sanksiyaları genişləndiyi bir vaxtda, ABŞ dostu Əl-Vəlidin Rusiya tərəfə dönüş etməsi gerçəkdən maraq doğurmaya bilməz. Həm də nəzərə almaq lazımdır ki, ABŞ-n pərdəarxası razılığı olmadan, Əl-Vəlid belə addım ata bilməzdi…
Görünür, sanksiyalar ABŞ-Rusiya münasibətlərinin daha önəmli və gizli istiqamətlərdəki (o cümlədən, beynəlxalq siyasət aləmindəki) əməkdaşlığını ört-basdır etməkdən ötəri bir vasitədir. Məsələn, güman etmək olar ki, ABŞ-la Şimali Koreya arasında qısamüddətli hərbi toqquşma baş verəcək, Rusiya buna neytral münasibət sərgiləyəcək, nəticədə Pxenyanda hakimiyyət dəyişəcək və iki Koreya birləşəcək…


Şərhlər