Azərbaycanın ən məşhur banklarından olan “Bank of Azerbaijan”ın sahibi dəyişib. O, “Beynəlxalq bank”ın prezidenti Cahangir Hacıyevin nəzarətinə verilib. Hələ bir müddət əvvəl “Bank of Azerbaijan”da ciddi maliyyə problemlərinin olduğu barədə məlumatlar yayılmışdı. Həmin vaxt Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbəri Elman Rüstəmov da bunu təsdiqləmişdi. Elman Rüstəmov “Bank of Azerbaijan”da likvidlik probleminin yaşandığını dilə gətirmişdi.
“Bank of Azerbaijan”da yaranmış problemin həlli məqsədilə bir müddət əvvəl bank Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun rəhbərlik etdiyi “Qarant holdinq”dən alınaraq, “Hafka” kimi tanınan məşhur iş adamı Hafiz Məmmədova məxsus “Baghlan Group”a verildi. Sözügedən bank bir müddət Hafiz Məmmədovun himayəsi altında fəaliyyət göstərdi. Ancaq problemlər yenə də həllini tapmadı. Bu səbəbdən də “Bank of Azerbaijan”ın patronajlığında növbəti dəfə dəyişiklik olub.

Bankın Cahangir Hacıyevin nəzarətinə verilməsinə gəlincə, o, hakim ailəyə yaxın şəxslərdən sayılmaqla yanaşı, həm də hakimiyyətin əsas bankirlərindən hesab olunur. Onu da qeyd edək ki, Hafiz Məmmədov bir müddət əvvələ qədər Nəqliyyat naziri Ziya Məmmədovla yaxın olub. Hətta mediada onların iş ortağı olması barədə də məlumatlar yayılırdı. Lakin hələlik bəlli olmayan səbəblərdən onların əlaqələri kəsilib.

Şərhlər