"YOL POLİSİ MƏNƏ QARŞI QULDURLUQ EDİB» - Şikayət

"Sərxoş deyiləm, istədiyiniz yerə gedərək müayinədən keçə bilərəm..."

Bakının Sabunçu rayonunda sürücü quldurluqla üzləşdiyini deyir.

"AzPolitika.info" xəbər verir ki, bu barədə teleqraf.com-un redaksiyasına müraciət edən Bakı şəhər sakini Mustafa Namazov bildirib ki, bu il iyunun 6-da Olimpiya stadionu ilə üzbəüz körpünün yaxınlığında idarə etdiyi 99 KV 892 dövlət nömrə nişanlı “Mersedes” markalı avtomobili Dövlət Yol Polisinə məxsus 348 və 494 nömrəli maşında olan 3 əməkdaş tərəfindən saxlanılıb. Şikayətçinin sözlərinə görə, yol polisi əməkdaşları ona sərxoş vəziyyətdə avtomobili idarə etdiyini deyiblər: “Bildirdim ki, sərxoş deyiləm, istədiyiniz yerə gedərək müayinədən keçə bilərəm. Ancaq onlar məni döyərək avtomobilimi əlimdən almaq istədilər. Sonra yanımda oturaraq avtomobilimi “Xəmsə” şadlıq sarayının yanındakı cərimə meydançasına apardılar”.

Şikayətçi bildirib ki, cərimə meydançasının yaxınlığında yol polisi əməkdaşları onu döyüb, avtomobilini əlindən alıblar: “Onlara bildirdim ki, maşında 1150 manatım və “Samsunq” markalı bahalı telefonum qalıb, icazə verin, pulumu və telefonumu götürüm. Amma onlar maşından pulumu və telefonumu götürməyimə imkan vermədilər. Avtomobili cərimə meydançasına apardılar. Maşının cərimə meydançasında saxlanılması barədə heç bir akt tərtib edilmədi. Sonradan avtomobilimi cərimə meydançasından götürdüm. Amma nə pulum, nə də telefonum geri qaytarıldı”.

yol polisi surucu dava

Mustafa Namazov qeyd edib ki, həmin gün Yasamal rayonunda sərxoşluq müayinəsindən keçib: “Müayinə zamanı sərxoş olmadığım müəyyən edildi. Həmin gün ağrılarımla əlaqədar 3 saylı Şəhər Kliniki Xəstəxanasına müraciət etdim, sonra baş verənlərlə bağlı Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsinə şikayət ərizəsi verdim. Bu günə kimi heç bir tədbir görülməyib. Yol polisinin 3 əməkdaşı məni döyərək quldurluq cinayəti törədiblər”.

Şikayətçi qeyd edib ki, hadisə ilə bağlı Baş prokuror Zakir Qaralov, Daxili İşlər naziri Ramil Usubov, Sabunçu rayon prokuroru Ceyhun Şirinova müraciət edib: “Müraciətimdə mənə qarşı quldurluq törədən yol polisinin əməkdaşları barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və 181-ci (quldurluq) maddələri ilə cinayət işi açılaraq, istintaqın aparılması barədə müvafiq göstəriş verilməsini xahiş etdim. Şikayətimdən sonra Sabunçu rayon Prokurorluğunda araşdırma başlandı, prokurorluğa çağırıldım. Müstəntiq izahatımı və ifadəmi aldı. Bundan 2 ay müddət keçməsinə baxmayaraq, nəticə yoxdur”.

Zərərçəkmiş Mustafa Namazovun vəkili Cəfər Cəfərli Teleqraf.com-a bildirib ki, yol polisinin əməkdaşları tərəfindən müvəkkilinə qarşı quldurluq hərəkətləri olub: “Mustafa Namazovun əlindən maşınını alıblar. Maşının içərisində bahalı telefon, bir də 1150 manat pul olub. Həmin telefonu və pulu yol polisinin əməkdaşları götürüblər, götürülmə haqqında protokol tərtib etməyiblər. Bu günə qədər pul və telefon qaytarılmayıb”.

Cəfər Cəfərli qeyd edib ki, baş verən hadisə ilə bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma başlanıb: “Quldurluq cinayətləri ilə bağlı təhqiqat araşdırmasının müddəti yoxdur. Həmin iş Sabunçu rayon Prokurorluğunda material şəkilindədir. Araşdırma aparılır, nəticə ilə bağlı məlumat verəcəklər. Cinayət tərkibi olsa, cinayət işi açacaqlar, yoxdursa, şikayətimizi rədd edəcəklər. Biz hesab edirik ki, burada cinayət tərkibi var. Əgər cinayət işinin başlanması rədd edilsə, biz həmin qərardan şikayət verəcəyik”.

Vəkil bildirib ki, zərərçəkmiş Mustafa Namazovdan ifadə alınıb: “Yol polisinin əməkdaşlarından da ifadə alınacaq, sonra məsələyə qiymət veriləcək. Məsələ prokurorluqda yubanır, bundan bir müdafiəçi kimi narahatam. Güman edirəm ki, yol polisinin əməkdaşları cinayət məsuliyyətinə cəlb olunacaqlar”.

Sabunçu rayon Prokurorluğu ilə əlaqə saxlasaq da, baş verən olaya münasibət bildirmək istəmədilər. Bildirildi ki, prokurorluqda fakt üzrə material var, araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar