"Həmin tabor 20-dən artıq şəhid verib, heç olmasa, onların ruhlarına hörmət etsinlər"
Türkiyə Silahlı Qüvvələri tərəfindən Azərbaycanın xüsusi təyinatlı qüvvələr komandanlığının 25 xüsusi təyinatlısına “Hərbi sərbəst paraşüt kursu” təlimi keçilməsinin ordumuzun tərkibində hava-desant qüvvələri yaradılmasında ilk addım kiimi vurğulanmasına keçmiş müdafiə naziri Rəhim Qazıyev etiraz edib.
Moderator.az-la əlaqə saxlayan Rəhim Qazıyev bildirib ki, bu cür məlumatların yayılmasından çox təəssüf hissi keçirir və bunu vaxtilə yaradılmış bir qurumun üzvlərinə qarşı hörmətsilik kimi qiymətləndirir:
"Həmin qoşun növü hələ mənim nazir olduğum dövrdə - 1992-ci ilin 18 iyulunda 360 nəfərdən ibarət birinci taborun desantçıları tərəfindən Goran qəsəbəsi yaxınlığındakı poliqonda təlim-məşqində yüksək nəticələr əldə etdilər. İlk dəfə olaraq Azərbaycan balaları kürəklərində 35 kiloqramlıq yüklə 3 kilometr yüksəklikdən tullandılar. Həmin desantçıların məşqinə mən o dövrdəki bütün hökumət rəsmilərini dəvət etsəm də heç kim gəlmədi. Təsəvvür edin ki, həmin təlim-məşqə "kommunist deputatlar" dedikləri Arif Rəhimzadə və Vaqif Qasımov gəldilər. Deyim ki, çox uğurlu məşq oldu. Dadaş Rzayev də Tovuzdakı korpusun komandiri idi və o da gəlmişdi. Məşq səhər saat 7-də başladı və çox yüksək səviyyədə keçirildi, bir nəfərin ayağı da burxulmadı, sevincdən hamımızın gözləri yaşardı. Bundan başqa, həmin desantçılarımız əlbəyaxa döyüş növlərində də məşq etdilər. Mən Gəncədə yerləşən 104-cü diviziyadan pulla zabitlər gətirərək, onları əla hazırlaşdırmışdım. O vaxt gəldim Əbülfəz Elçibəyə də dedim ki, bəy, 18 iyul 92-ci ili hava-desant qüvvələrinin yaranması günü kimi qeyd edək, amma buna əməl edilmədi. İndi də xahiş edərdim, tariximizə hörmətlə yanaşsınlar və heç olmasa Dadaş Rzayev və Arif Rəhimzadədən soruşsunlar, hava-desant qüvvələrinin yaradılması deyil, bərpa olunmasını qeyd etmək doğru olardı. Mən istərdim ki, Müdafiə Nazirliyi bu yanlışlığı düzəltsin. Unutmasınlar ki, həmin tabor Qarabağ döyüşlərində 20-dən artıq şəhid verib, heç olmasa onların ruhlarına hörmətsizlik etməsinlər".


Şərhlər