«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Venesuela hakimiyyəti xarici bazarlarda satışa çıxardığı neftin qiymətini dollar əvəzinə, yuanla dərc etməyə başlayıb.
Ölkənin neft nazirliyində bəyan ediblər ki, bununla dünyada «dolların hökmranlığı»na son qoymaq niyyəti güdülür.
«Bu qiymət formatı Prezident Nikolas Maduro tərəfindən sentyabrın 7-də elan olunmuş və ölkənin dollar hökmranlığından azad olunmasını nəzərdə tutan strategiyanın nəticəsidir» - deyə, «Röyter» agentliyi Venesuela neft nazirliyindən sitat gətirir.
Agentliyin məlumatına görə, həftənin sonunda bir barrel neftin qiyməti 306,26 yuan (46,76 dollar) təşkil edib.
Bundan əvvəl «The Wall Street Journal» qəzeti yazmışdı ki, Venesuela hökuməti treyderlərə xüsusi göstəriş verib. Göstərişdə hesabatları dollarla aparmağa son qoymaq və neftin qiymətini avro ilə göstərməyə keçmək tələb olunurdu.


Şərhlər