Corc Fridman Rusiyanın Azərbaycana təsirini və mümkün dəyişiklikləri analiz edib.
ABŞ Mərkəzi Kəşfiyyat Idarəsinin (CIA) qeyri-leqal qolu sayılan “Stratfor”un rəhbəri Corc Fridman Cənubi Qafqaz, xüsusilə regionun əsas ölkəsi olan Azərbaycana Rusiyanın təsiri və mümkün dəyişiklikləri analiz edib. Publika.az xəbər verir ki, məqalə müəllifi hesab edir ki, Ukrayna böhranı üzündən Rusiya və Qərb arasında baş verən çatlar dalğası tezliklə Cənubi Qafqaza çata bilər.
Belə ki, Avropa Rusiyadan enerji asılılığını azaltmaq üçün fikrini Azərbaycanda cəmləşdirib. Buna paralel olaraq Rusiya da Qafqazda fəaliyyətini gücləndirir, xüsusilə Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi fonunda buna nail ola bilir. Əsas dəyişikliklər dalğası hələ tam aydın deyil, amma Rusiyanın regionda həyəcanlı diplomatik gedişləri deməyə əsas verir ki, hər şey mümkündür.
Regionda Gürcüstan Qərbyönümlü çıxış edir və Rusiyaya arxa çevirmiş durumdadır. Rəsmi Tiflis Avropa Birliyi və NATO-ya qoşulmağa çalışır. Faktiki olaraq onlar NATO yolu üzərində 2008-ci ildə Rusiya ilə müharibə apardı. Digər tərəfdə Qərbə arxasını çevirmiş Rusiyanın sadiq dostu Ermənistan və Qafqazda Rusiya ilə əlaqələrinə görə Ermənistanla rəqabət aparan Azərbaycan var.
Azərbaycan konkret olaraq Qərbyönümlü, yaxud Rusiyayönümlü deyil. Bakı enerji resurslarından balanslaşdırılmış siyasəti üçün uğurla istifadə edir. Regiona bağlı ölkələrdən Türkiyənin Azərbaycanla güclü əlaqələri var. Burada həm də enerji marşrutları mühüm rol oynayır.
Ermənilərinsə məlum soyqırımı məsələsinə görə Türkiyə ilə münasibətləri soyuqdur. Əvəzində Iranın Ermənistanla möhkəm münasibətləri var. Amma Azərbaycana şübhə ilə yanaşır. Çünki rəsmi Bakının Israil ilə təhlükəsizlik əlaqələri var və Iranın şimalında azərbaycanlılar yaşayır.
Bütövlükdə regiona ABŞ-ın baxışına gəlincə, Vaşinqtonun bütün Qafqaz ölkələrində təsiri var, lakin bu münasibətlər heç biri ilə hansısa öhdəlik üzərində qurulmayıb. Bu əlaqələr daim dəyişilir, bəzən yüksəlir, bəzən zəifləyir və hər dəfə bütün regiona təsirini göstərir. Bu, Rusiya və Qərbin arasındakı qarşıdurmada özünü daha çox büruzə verir.ÿ
Böyük çat Ukraynada baş verdi, lakin bu, başqa yerlərdə də öz təsirini göstərir. Avropa Birliyini seçən Gürcüstan eyni prosesə məruz qalır. Rusiya Ukraynada Krımı ilhaq edərək separatçılara dəstək verməklə müəyyən gedişlər edə bildi. Indi isə Gürcüstanın Avropa yolu onu yuxudan ayıldır. Moskva hələ ki Gürcüstana qarşı Abxaziya və Cənubi Osetiya kartından istifadə edir.
Burada əsas olan Azərbaycandır. Çünki regionda təsiri olan təkcə Rusiya deyil. Qərb Avropanın enerji asılılığının açarını Qafqazda - Azərbaycanda görür. Türkmənistan qazının, bu, Iran və Iraqdakı ehtiyatlardan da böyükdür, Azərbaycan vasitəsilə çıxarılması layihəsi gündəmdədir. Bu baxımdan, Qərb Bakının yollar axtarışını dəstəkləyir. Lakin bu, Avropanı qaz asılılığında saxlayan Rusiyaya ciddi çağırışdır. Moskva artıq hərəkətə keçib. Misal üçün, Azərbaycanla bu sahədə əməkdaşlıq sazişi imzalayır, eləcə də Bakının çox istədiyi Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində xeyli aktivləşib. Iyunun 23-də Vladimir Putinin azərbaycanlı həmkarı Ilham Əliyevlə məsələni müzakirə etməsi də buna nümunədir.
Eyni gündə Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Edvard Nalbandyanla görüşdü və söz verdi ki, Moskva Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ən yaxşı vasitəçi rolunu oynayacaq. Rusiyanın Ermənistanla güclü siyasi əlaqələri olduğu üçün Qarabağ məsələsinin həllində əsas rol oynayan tərəfdir və Ermənistanın əsas hərbi müttəfiqidir. Lakin Moskva yaxşı anlayır ki, indiki məqamda Azərbaycanı Qafqazda neytral saxlamaq lazımdır.
Qərbin Qafqaza doğru səylərini artırması və hazırkı vəziyyət isə bölgədəki ölkələri seçimlərini yenidən gözdən keçirməyə məcbur edir.
C.Fridman son olaraq qeyd edir ki, Qafqazda və Azərbaycanda xüsusi maraq dairəsi genişlənən ABŞ çətin vəziyyətlərdə regionu itirməmək naminə bütün hakimiyyətləri yenidən qurmaq potensialını işə sala bilər.


Şərhlər