AzPolitika.info «Sputnik Qruziya» agentliyinə istinadla xəbər verir ki, Azərbaycan rəqabətqabiliyyətliliyin qlobal indeksinə görə, Müstəqil Dövlətlər Birliyinin (MDB) digər ölkələrini qabaqlayaraq, reytinqdə 35-ci yeri tutub.
Bu məlumat Ümumdünya qlobal forumunun («Global Competitiveness Index») 2017-2018-ci illər üçün hesabatında yer alıb.
Bu göstərici üzrə digər MDB ölkələri Azərbaycana uduzur. Məsələn, Rusiya reytinqdə 38-ci yeri, Gürcüstan 67-ci yeri, Ermənistan 73-cü yeri, Ukrayna 81-ci yeri tutub.
Reytinq üzrə liderliyi İsveçrə, Sinqapur və ABŞ ələ alıb. Sonuncu yerləri isə Çad, Mozambik və Yəmən tutur. Reytinqə cəmi 137 dövlət daxil edilib.
Qlobal rəqabətqabiliyyətlilik indeksi 12 göstərici üzrə 3 əsas bloka (bazis məlumatları, inkişafın effektlilik və innovasiyalılıq göstəriciləri) əsaslanır. Göstəricilər aşağıdakılardır: infrastruktur, makroiqtisadi stabillik, sanitariya şəraiti, bazis təhsili, əmək bazarının vəziyyəti və s. Beləliklə, ölkələrin rəqabətqabiliyyətliliyi 100-dən artıq parametrə görə qiymətləndirilir.


Şərhlər