Maliyyə Nazirliyinin yoxlamalarından sonra taxıl sahələrinin həcmi iki dəfə azaldılıb
Dövlət büdcəsindən ayrılmış vəsaitlərdən təyinatı üzrə istifadə edilməməsi barədə Kənd Təsərrüfatı Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb. Prokurorluğun yaydığı məlumata görə, araşdırmalar zamanı İmişli rayonunun Aranlı və Qaragüvəndikli inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin və yerli bələdiyyələrin vəzifəli şəxslərinin səlahiyyətlərindən sui-istifadə edərək rəsmi sənədlərə kənd sakinlərinin guya buğda əkmələri barədə bilə-bilə yalan məlumatlar daxil edildiyi məlum olub. Bununla onlar dövlət büdcəsindən ayrılan yardımın 447 min manatını mənimsəmə və israf edilməsində şübhəli bilinirlər. Faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılıb. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Vahid Məhərrəmov "Bizim Yol"a açıqlamasında bildirdi ki, kənd təsərrüfatı sektoruna ayrılan vəsaitlərə nəzarəti gücləndirməyə çalışırlar. Lakin ekspert islahatların kompleks şəkildə görülməsini vacib sayır: "Yalnız ayrılan vəsaitlərə nəzarətlə kifayətlənməməli, burada torpaqların istifadəsi, proqramların icrası, yerlərdə idarəetmənin yaxşılaşdırılması və sair məsələlərlə bağlı işlər həyata keçirilməlidir.
Son zamanlar kənd təsərrüfatı sektoruna ayrılan vəsaitlərlə bağlı yoxlamaların genişlənməsi halları artıb. Ola bilsin ki, burada məqsəd bu istiqamətdə yönələn vəsaitlərin həcmini azaltmaqdır".
V.Məhərrəmov onu da əlavə etdi ki, Baş Prokurorluqda açılan cinayət işi taxıl əkinində illərdir ki, "pripiska"larla bağlı deyilənləri bir daha təsdiq edir: "Maliyyə Nazirliyinin apardığı yoxlamalar zamanı subsidiyaların verilməsində böyük mənimsəmə faktları aşkarlanmışdı. Taxıl sahələrinin "pripiska"sı daha çox 2009-cu ildə baş verib. Belə ki, 2008-2009-cu illərdə ayrılan subsidiyaların həcmi ayrı-ayrı illərdə 83 milyon manat, yardım alanların sayı isə 600 min nəfər olub. Yoxlamalardan sonra subsidiya alanların sayı 381 min nəfərə düşməklə vəsaitin həcmini 51 milyon manata qədər azalda bilmişdilər. Məsələn, rayonlar üzrə nəzər yetirdikdə, nə qədər artıq əkin sahələri yazmaqla dövlət vəsaitlərinin mənimsənildiyinin şahidi oluruq. Aparılan araşdırmalar zamanı məlum olub ki, Füzuli rayonunda subsidiyalar verilməzdən öncə - 2006-cı ildə 7,4 min ha sahədə buğda əkini həyata keçirilibsə, 2009-cu ildə bu, guya 41,5 min ha-ya qədər artıb. Yoxlamalardan sonra isə əkin sahələrində "pripiska"nın olduğu aşkarlanıb. Belə ki, 2012-ci ildə taxıl əkini sahəsi 26,5 min ha-ya, 2013-2014-cü ildə isə 18 min ha-ya qədər enib. Əlbəttə, burada söhbət subsidiya alanlardan gedir. Şəki ən çox taxıl istehsal edən regiondur. Burada 2006-cı ildə 36,9 min ha sahəyə buğda əkilmişdisə, 2009-cu ildə 68 min ha-ya qədər qalxdığı göstərilirdi. 2013-2014-cü illərdə isə 31-ə qədər düşüb. Tərtərdə 2006-cı ildə 8,5 min ha sahədə taxıl əkini aparılmışdı. 2009-cu ildə 19,2 min ha-ya qaldırmaqla böyük həcmdə subsidiyalar mənimsənildi. Yoxlamalardan sonra 2013-2014-cü illərdə 6 min ha-ya qədər düşdü. Şəmkirdə subsidiyalar verilməzdən öncə 2006-cı ildə 11,6 min ha sahədə əkin aparılmışdı. 2009-da 13 min ha-ya qədər artırıldığı göstərildi. Maliyyə Nazirliyinin araşdırmalarından sonra 2012-ci ildə əkin sahələrinin həcmi 9 min ha-ya qədər azaldıldı.
Ümumiyyətlə, siyahını artırmaq olar. Eyni vəziyyət bütün rayonları əhatə edib. Əkin sahələrinin genişləndirilməsi adı altında büdcədən ayrılan vəsait mənimsənilirdi. Maliyyə Nazirliyinin yoxlamalarından ilə 30 milyon manatın istiqaməti üzrə xərclənmədiyi aşkarlanıb. Subsidiya alanların sayı 2 dəfədən çox azaldılıb. Bu, hələ ictimaiyyətə açıqlanan rəqəmdir. Artıq hökumət də başa düşür ki, bu işin qarşısı alınmalıdır".

Şərhlər