Menu

Vahid Ələkbərov sanksiyalardan şikayətləndi: “Hamıya təsir edir...”

26.06.2014, 12:09
Vahid Ələkbərov sanksiyalardan şikayətləndi: “Hamıya təsir edir...”

“LUKoil” şirkətinin prezidenti, azərbaycanlı neft maqnatı Ukrayna ətrafındakı situasiyaya görə Rusiyaya qarşı tətbiq edilmiş sanksiyalardan şikayətlənib.Virtualaz.org saytı xəbər verir ki, V.Ələkbərov “Vedomosti” həftəliyinə müsahibəsində Qərbin tətbiq etdiyi sanksiyaların bütün Rusiya şirkətlərinə təsir etdiyini deyib.

“İstənilən halda sanksiyalar bütün şirkətlərə təsir edir. Bir qayda olaraq hamının reytinqini bir pillə aşağı endirdilər, o cümlədən “LUKoil”un, “Qazprom”un və “Rosneft”in. Bu, istənilən halda şirkətlərin kapitallaşmasına və onun maliyyə bazarlarına çıxışına təsir edir. Kimsə deyə bilər ki, “yox, təsir etməyib, təsir etməyib”. Amma yalandır. Sanksiyalar istənilən halda hamıya təsir edib! Elə biz özümüz avrobondların yerləşdirilməsini yazdan payıza təxirə saldıq. Çünki təşkilatçı banklar tövsiyə etdilər ki, bu məsələyə payızda qayıdaq. Ola bilsin o vaxta qədər reytinqimiz dəyişdi və nəticədə daha ucuz, daha uzunmüddətli kreditə çıxış imkanımız yarandı” - deyə azərbaycanlı maqnat bildirib.

V.Ələkbərovun sözlərinə görə, sanksiyalarla bağlı “LUKoil”un cari fəaliyyətində heç bir problem yaranmayıb. Şirkət Avropanın 26 ölkəsində işləyir, Avropa İttifaqının ərazisində beş güclü bölməsi fəaliyyət göstərir, o cümlədən dörd zavodu.

“Amerikada da parakəndə satış şəbəkəmiz stabil işləyir. İstehsalat seqmentində biz münasibətlərin dəyişdiyini hiss etməmişik, nə əhali tərəfindən, nə işlədiyimiz ölkələrin hökumətləri tərəfindən bizə qarşı münasibət dəyişməyib” - deyə Ələkbərov bildirib.

“LUKoil” prezidenti deyib ki, Qərb bankları sanksiyalardan istifadə edərək kredit məzənnəsini qaldırırlar və daha ağır şərtlər qoyurlar. Üstəlik əsas məsələ indi təkcə Krım deyil, həm də Ukraynanın şərqindəki vəziyyətdir. Hansı ki, bu vəziyyətin nə qədər davam edəcəyi məlum deyil.

“Biz vəziyyətin sabitləşəcəyinə ümid edirik. İstənilən halda hərbi münaqişələr danışıqlar prosesi ilə yekunlaşır, hətta böyük müharibələrdə də belə olub. Yüzillik müharibələr, otuzillik müharibələr də danışıqlarla yekunlaşıb. Ona görə də danışıqlar aparmaq və vəziyyəti nizamlamaq lazımdır” - deyə V.Ələkbərov əlavə edib.

“LUKoil” prezidentinin sözlərinə görə, Rusiyanın özünü Qərbdən təcrid etməli və dollardan imtina etməli olduğu haqda çağırışlar real deyil. Çünki Rusiya dünya iqtisadiyyatına inteqrasiya edib.

“Mən Şərq-Qərb bölgüsü aparmıram. Bu gün qəfildən rubla keçmək nə ilə nəticələnə bilər? Başa düşürsünüz, bunun üçün alətlər yaradılmalıdır, investisiya fondları olmalıdır, ucuz pullara çıxış imkanı yaradılmalıdır ki, istehsal etdiyin malı neft quyusunun yanınında satmağa məcbur olmayasan, bazara çıxarıb birbaşa alıcıya təklif edəsən. Bizdə belə alətlər yaradılıbmı? Əlbəttə, yox. Biz London birjasından, neftin dünya bazarlarındakı məzənnəsindən asılıyıq. Ona görə də bu gün rubla keçməyi bəyan etmək olmaz. Buna hazırlaşmaq lazımdır” - deyə “LUKoil” prezidenti vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol