"Yığışaq və banklarla söhbət edək. Soruşaq ki, nəyə görə kredit faizləri bu qədər yüksəkdir? "

"Bu gün Azərbaycanda insanların banklara borcu 2 milyard manatdır. Bu, həddən artıq böyük və narahatedici rəqəmdir. Ötən il bu rəqəm 1,6 milyard manat olub". Bunu Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Vahid Əhmədov bildirib.

O qeyd edib ki, əhalinin kredit borcunun yüksək olması maliyyə bazarına neqativ təsir edən amillərdən biridir: "Bu gün banklar 28-30 faizlə kreditlər verir. Problemli kreditlərin həcmi azalmaqdansa, daha da artır. Maliyyə Bazarlarına Nəzarət Palatası yaranandan sonra düşünürdük ki, banklarla ciddi məşğul olacaq. Amma çox təəssüflətr, biz bunun əksinin şahidi olduq. Keçən il vaxtı keçmiş kreditlər 1,6 milyard manat idisə, artıq 1,8 milyard manatı keçib. Bank sistemindəki problemlər Azərbaycan iqtisadiyyatının inkişafını əngəlləyir.

Amma təəssüf ki, bunu görmədik. Düzdür, Mərkəzi Bank pul kütləsinə nəzarəti həyata keçirir, manatın sabitliyini qoruyur. Bu, müsbət haldır. Amma mən bank sistemində sağlamlaşdırmanı görmürəm. Cənab prezident də çıxışında demişdi ki, 2016-cı ildə Azərbaycan iqtisadiyyatına ən böyük ziyanı banklar vurub. Mən bunu dəfələrlə demişəm və bir daha təklif edirəm ki, yığışaq və banklarla söhbət edək. Soruşaq ki, nəyə görə kredit faizləri bu qədər yüksəkdir? Banklarda vaxtı keçmiş kreditlərin həcmi getdikcə artır və bu borcları silmək çətinləşir. Bunu da soruşaq ki, problemli kreditlərin öhdəsindən necə gələcəklər? Anlamalıyıq ki, bu, Azərbaycan iqtisadiyyatına neqativ təsir edən amillərdəndir. Təklif edirəm ki, bank rəhbərlərini İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasına çağıraq. Onlar da bizə məlumat versinlər ki, bu proses hara gedir, sonu necə olacaq".

Deputat Əli Məslimli parlamentdəki çıxışında bu problemə toxunub: “Prezident seçkilərinə bir il qaldığı müddətdə Azərbaycana qarşı təzyiqlər artmaqdadır. Bu təzyiqülərə ən mükəmməl cavab islahatların genişləndirilməsi, islahat xarakterli qanunvericiliyin qəbul edilməsidir”.

Diqqəti bank sahəsindəki problemlərə çəkən deputat bildirdi ki, Azərbaycanda hər dörd nəfərdən biri banklara borcludur, problemli kreditlər də iki dəfədən çox artıb, təhlükəli həddə çatıb: “Dünyanın heç yerində borcu olanı həbs etmirlər. Artıq qaytarılması mümkün olmayan borclarla bağlı məsələnin uzadılmasının mənası yoxdur”.