İlahə Durmuşova əməliyyat stolunda narkozdan ayılmayıb
Zaqatalada gənc qadın doğuş zamanı dünyasını dəyişib. Qeysəriyyə əməliyyatından sonra ana narkozdan ayılmayıb.
ANS TV-nin məlumatına görə, Zaqatala Mərkəzi Xəstəxanasının doğum evində rayonun Bəhmədli kənd sakini, 29 yaşlı İlahə Durmuşova qeysəriyyə əməliyyatı zamanı dünyasını dəyişib. İlk dəfə ana olmaq arzusuyla xəstəxanaya yerləşdirilən İlahəyə, həkimlər qeysəriyyə əməliyyatı aparılmasının tibbi göstəriş olduğunu bildirib. Əməliyyat zamanı körpə sağ-salamat götürülsə də ana həyatını itirib. Həkimlər İlahə Durmuşovanın əməliyyat stolunda narkozdan ayılmayaraq dünyasını dəyişdiyini deyir.
Reanimasiya şöbəsinin həkimi Nadir Hünərvarinin sözlərinə görə, əməliyyat zamanı mərhuma narkoz verən həkim döğuşun ağır keçdiyinə görə qeysəriyyə əməliyyatı edib: “Həkimlərin səyinə baxmayaraq, uşağı xilas etmək mümkün olsa da ananı xilas etmək mümkün olmadı. Yəqin ölümün səbəbi tibbi ekspertizadan sonra məlum olacaq”.
Məsələyə aydınlıq gətirmək üçün, doğuşu aparan Mehriban həkimi tapmaq mümkün olmadı.
Yaxınları isə birinci doğuşu olan İlahənin elə bir ciddi xəstəliyi olmadığını, ölümün həkim səhlənkarlığı üzündən baş verdiyini deyirlər.
29 yaşlı İlahə Durmuşovanın ölümünün səbəblərilə bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, bu Zaqatala xəstəxanasında son 8 ay ərzində baş verən 2-ci ana ölümü faktıdır. Həmin hadisədə də yaxınları mərhumun məhz həkim səhlənkarlığının qurbanı olduğunu iddia edirdilər.


Şərhlər