“İranın öndə gedən alimlərindən Ayətullah Hüseyn Nuri Həmədaninin İraq xalqına müraciətini “Aran” radiosu yanlış tərcümə edib. İRNA agentliyində olan mətnin orijinal variantında belə bir şey yoxdur”.
Bu sözləri Axar.az-da yayımlanan “İrandan sensasiya: ayətullah İŞİD-i müdafiə etdi” başlıqlı yazıya İranın Azərbaycandakı səfirliyi rəsmi münasibət bildirərkən qeyd etdi. Səfirlik rəsmisi İranın mövqeyinin İŞİD-ə qarşı mübarizə aparmaq olduğunu bildirdi:
“İran İŞİD-i terrorçu qruplaşma hesab edir və ona qarşıdır. Ayətullah Hüseyn Nuri Həmədani İraq xalqına müraciətlə müsəlmanları İŞİD-ə qarşı mübarizəyə səsləyib. “Aran” radiosu xəbəri farscadan tərcümə edərkən texniki yanlışlığa yol verib. İRNA agentliyində xəbər “İŞİD-in müsəlmanlara qarşı olan hər hansı hücumu İslama hücumdur və müsəlmanlara vacibdir ki, bütün gücü və imkanları ilə islamı müdafiə etsinlər” şəklindədir. Biz “Aran” radiosuna müraciət edib, bu yanlışlığı düzəltmələrini istəyəcəyik”.
Xatırladaq ki, “Aran” radiosu İRNA agentliyinə istinadən İran alimi Ayətullah Hüseyn Nuri Həmədaninin İraq xalqına müraciətini yayımlayıb. Mətndə bu ifadələr yer alır:
“İŞİD və müsəlmanlara qarşı olan hər hansı bir qrupun hücumu İslama hücumdur və müsəlmanlara vacibdir ki, bütün gücü və imkanları ilə islamı müdafiə etsinlər”.


Şərhlər