MM-in bu günki iclasında deputat Fəzail Ağamalı Avropanı insan hüquq və azadlıqlarını inhisara almaqda və insan hüquqlarından Azərbaycana qarşı silah kimi istifadə etməkdə suçlayıb: “Ermənistandan, öz dədə-baba yurdlarından qovulan bizim insanlarımızın məsələsi niyə Avropa Məhkəməsinə çıxarılmır və onların hüquqları qorunmur? Ancaq Azərbaycanda dövlət maraqları ilə bağlı addımlar atılanda dərhal o adamların müdafiəsinə qalxırlar? Azərbaycana xəyanət edən Leyla Yunusla bağlı ən müxtəlif təşkilatlar, dövlətlər Leyla Yunusun müdafiəsinə qalxır? Fransa diplomatları hansı haqla istintaqdan yayınan şəxsi 5 illik viza ilə təmin edib, onu ölkədən çıxarmağa çalışırlar?”

Deputat Siyavuş Novruzov isə Avropa Məhkəməsinə edilən müraciətlərdən danışıb. O, deyib ki, bu müraciətlərin müəlliflərinin əksəriyyəti siyasi partiya və QHT-lərin üzvləridir: “Azərbaycanda hər hansı bir jurnalistin, yaxud siyasi partiya üzvünün, seçkidə uduzan namizədin müraciətini Avropa Şurası qəbul edir. 110 mindən artıq müraciət var. Bu müraciətlərə baxılır, dərhal Azərbaycana sorğu göndərilir. Ancaq Ermnistanda yurd-yuvasından məhrum edilmiş azərbaycanlıların müraciətlərinə baxılmadı”.

S.Novruzov onu da deyib ki, bəzən hansısa hakimin çıxardığı qeyri-düzgün hökmə görə Azərbaycan dövləti Avropa Məhkəməsinin qərarına əsasən 10-15 min avro vəsait ödəyir: “Ona görə də təklif edirəm ki, əgər bundan sonra təzminat gələcəksə, bu barədə ilkin məhkəmə instansiyasında qərar çıxaran həmin hakimin əmlakından tutulsun və ödənilsin. Nəyə görə dövlət hansısa bisavadın əməlinə görə öz büdcəsindən vəsait ödəməlidir?”