“Xarici dövlətlərin ali təhsil haqqında sənədlərinin ölkə ərazisində tanınması Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın tələbləri əsasında həyata keçirilir”.
Bu sözləri Ukrayna dövləti olaraq Krımda təhsil almağa gedən azərbaycanlı tələbələrin, Krımın anneksiyasından və Rusiyanın tərkibinə daxil olmasında sonra, talelərinin necə olacağı ilə bağlı Axar.az-ın sorğusunu cavab verən Təhsil Nazirliyinin Mətbuat xidməti qeyd edib. Cavabda bildirilir ki, əsas şərt kimi diplomu verən təhsil ocağının öz ölkəsi tərəfindən tanınmasıdır:
“Qaydaların 2.3-cü bəndinə əsasən, ali təhsil sahəsində ixtisasların tanınması üçün ali təhsil haqqında sənədin onun verildiyi ölkədə tanınması zəruridir (diplomu verən ölkə tərəfindən). Qeyd edilən şərt və Nazirlər Kabinetinin adı çəkilən Qərarının digər tələblərinə riayət olunduğu halda Təhsil Nazirliyi tərəfindən müraciətinizdə göstərdiyiniz məsələyə müsbət baxıla bilər”.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında “Krım böhranı” yaşanmazdan öncə azərbaycanlı tələbələr Ukraynanın digər bölgələrində olduğu kimi Krımın ali təhsil müəssisələrində də təhsil alırdı. Lakin Krım Rusiya tərəfindən ilhaqından sonra onların diplomunun Azərbaycanda necə tanınacağı barədə narahatlıq yaşanır.


Şərhlər