Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Konvoy taboruna yeni komandir təyin edilib.
"Report"un əldə etdiyi məlumata görə, ədliyyə naziri Fikrət Məmmədovun əmri ilə vəzifəsindən azad edilən ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayevin yerinə ədliyyə polkovnik-leytenantı Azad Maşanov təyin olunub.
A.Maşanov bu vəzifəyə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə alayından gətirilib. O bu gün nazirliyin rəhbər şəxsləri tərəfindən Konvoy taboruna təqdim edilib.
***
Oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə etap olunan xüsusilə ağır cinayətlərlə təqsirləndirilməklə həbs edilmiş Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağaminin Biləcəri qəsəbəsi ərazisində müşayiət altından qaçması ilə əlaqədar Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin bir qrup əməkdaşı cəzalandırılıb.
APA-nın xəbərinə görə, Ədliyyə Nazirliyi və Baş Prokurorluğun birgə məlumatında bildirilir ki, hadisənin baş verməsini yaradan şərait və səbəblərin araşdırılması üçün hərtərəfli prinsipial xidməti yoxlama aparılıb.

Bundan əlavə, həbs edilmiş şəxslərin vaqonda müşayiətini bilavasitə təmin edən qarovul rəisi Ceyhun Səmədov və digər 7 əməkdaş ədliyyə orqanlarından xaric edilib, Penitensiar xidmətin bir çox digər aidiyyəti məsul işçiləri ciddi intizam məsuliyyətinə cəlb olunublar.
****

Bundan başqa, bu gün barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilmiş qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov da ədliyyə orqanlarından xaric edilib.
Xatırladaq ki, Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonla paytaxta gətirilən məhbuslar Əli Ağami və Etibar Məmmədov qaçıblar. Qəsdən adam öldürmədə təqsirləndirilən Ə.Ağami və E.Məmmədovun cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılır. Ötən həftə dövlət ittihamçısı onların hər birinin ayrı-ayrılıqda 19 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Hər iki şəxs oktyabrın 22-də gecə Lənkərandan Bakıya qatarla gətirilib. Oktyabrın 23-də səhər saatlarında Biləcəri stansiyasında E.Məmmədovla Ə.Ağami qatardan düşürülən zaman qaçıblar.
Təqsirləndirilən şəxslər Bakı İstintaq Təcridxanasına aparılırmış.
Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 304.2-ci (azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda başlanmış cinayət işi üzrə və qaçan məhbusların tutulması istiqamətində istintaq əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, həbs edilənlərdən qarovul rəisi Ceyhun Səmədov Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanovun bacısı oğludur.


Şərhlər