İraq ordusu Tikritə əsasən cənubda yerləşən Samirə şəhəri istiqamətindən daxil olacaq
İraq ordusunun xüsusi təyinatlılarından ibarət briqadaları, ölkə hava hərbi təyyarələrinin müşayiəti ilə 4 istiqamətdən Səlahəddin əyalətinin Tikrit şəhərinə girməkdədir.
İnterAz-ın Sumariya telekanalına istinadla verdiyi xəbərə görə, İraq ordusu Tikritə əsasən cənubda yerləşən Samirə şəhəri istiqamətindən daxil olacaq. Lakin yerli mənbələr Tikritin cənub girəcəyində çoxlu minaların yerləşdirildiyini və bunun üçün hərəkətin gec həyata keçiriləcəyini deyiblər.
Qeyd edək ki, ordu qüvvələri 3 gün öncədən Səlahəddin əyalətində yerləşən və sabiq diktator Səddam Hüseynin dəfn edildiyi Tikrit şəhərində əməliyyatlara başlayıblar. Yaxın günlərdə Tikrit və ətraf rayonların tam nəzarətə alınacağı qeyd edilir. Yerli mənbələr “İraq-Şam İslam Dövləti” silahlılarının artıq şəhəri Neynəva əyalətinə doğru tərk etdiklərini bəyan ediblər.


Şərhlər