Azərbaycanla Rusiya arasında münasibətlər strateji xarakter daşıyır. Bunu RF Dövlət Dumasının sədri Sergey Narışkin bildirib.
“Azərbaycanla Rusiya arasında münasibətlər bütün sahələrdə - siyasi, iqtisadi, humanitar - strateji xarakter daşıyır. Bizim dövlətlərin liderləri, hökumət və nazirliklərin rəhbərləri arasında sıx-sıx görüşlər də bundan xəbər verir”, - S.Narışkin şənbə günü Bakıda ATƏT PA-nın 23-cü sessiyası çərçivəsində keçirilən brifinqdə deyib. O, bu istiqamətdə parlamentlərarası əməkdaşlığın rolunu xüsusilə qeyd edib.
“Bir müddət öncə biz iki ölkə parlamentarlarının növbəti görüşünü keçirdik, gələcək addımları müəyyən etdik. Hesab edirik ki, parlament əməkdaşlığı ölkələrimiz arasında bu cür ümumi siyasi dialoqun tərkib hissəsidir”, - S.Narışkin vurğulayıb.
O, şəxsi təəssüratlarını da bölüşüb: “Deyə bilərəm ki, Azərbaycanda özümü mənə doğma və yaxın olan adamların arasında hiss edirəm. Onlar mənə çox yaxşı münasibət göstərirlər və mən onları çox sevirəm”, - S.Narışkin qeyd edib. /contact.az


Şərhlər